Şəkidə 67 min hektardan çox taxıl sahəsində biçin işləri görüləcək
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə bir neçə gündür arpa biçininə başlanılıb. Rayonun Kiçik Dəhnə, Böyük Dəhnə, Suçma və Dərəcənnət kəndlərinin ərazilərindəki təsərrüfatlarda ilk günlər 220 hektar sahənin arpası biçilib, 594 ton məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 27 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Sektor müdiri bildirib ki, cari mövsümdə rayonda 67 min 384,7 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 42 min 852,5 hektarını buğda, 24 min 532,2 hektarını dən üçün arpa sahələri təşkil edir. Taxıl biçininin mütəşəkkil şəkildə keçirilməsini təmin etmək üçün Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində xüsusi qərargah da yaradılıb, tədbirlər planı təsdiq olunub. Ümumilikdə, biçin kampaniyasına 130 ədəd taxılbiçən kombayn, 95 ədəd küləşpresləyən aqreqat, 250 ədəd şum traktoru, 350-dək yük maşını, traktor, qoşqu və digər texnikalar cəlb olunub.
Xatırladaq ki, şəkili fermerlər ötənilki mövsümdə 67,7 min hektar taxıl sahəsindən 234 min 631 ton məhsul tədarük ediblər. Taxıl istehsalı əvvəlki illə müqayisədə 13,6 min ton artıb. Fermerlər hər hektardan orta hesabla 34,6 sentner məhsul götürüblər.