Milli tariximizin Heydər Əliyev dövrü tərəqqi və inkişaf mərhələsi olmuşdur
Azərbaycan dövlətinin bütün uğurlarının təməlində ulu öndərin müdrik siyasəti dayanır. Bir əsrdə ikinci dəfə milli dövlətçiliyi dağılmaq təhlükəsində qalan Azərbaycan xalqı yalnız Heydər Əliyev dühasına arxalanaraq öz dövlətini qorudu, qurdu və möhkəmləndirdi. Xalq öz böyük, sınanmış liderinin sayəsində milli qurtuluşa nail oldu.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra milli barış və inkişaf dövrü başladı. Ulu öndər qısa bir müddətdə daxili ictimai-siyasi vəziyyəti nəzarət altına aldı. Sabitlik təmin edildi, Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı, ordu quruculuğunda mühüm addımlar atıldı, ölkə daxilində separatçılıq meyllərinin qarşısı alındı, iqtisadi problemlər əhəmiyyətli dərəcədə həll edildi.
Enerji sahəsində mühüm addımlar atıldı. “Əsrin Müqaviləsi” imzalandı və bu kontraktla Azərbaycanın sonrakı illər iqtisadi inkişafının əsası qoyuldu. Ulu öndər Heydər Əliyev qətiyyət nümayiş etdirərək İran və Rusiyanın ciddi etirazlarına rəğmən ABŞ şirkətlərinin Xəzər hövzəsinə gətirdi və yataqların birgə işlənməsi başlandı, Əsrin Müqaviləsi çərçivəsində istehsal edilən xam neftin dünya bazarlarına çıxarılması üçün Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin inşa edilməsi məsələsini uğurla həll etdi.
Xarici siyasətdə böyük uğurlar əldə olundu. İkitərəfli və çoxtərəfli görüşlər, intensiv xarici səfərlər nəticəsində Azərbaycan informasiya sahəsində təcriddən çıxmağa nail oldu, dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə Ulu öndər Heydər Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu.