17 iyun - Tibb işçilərinin peşə bayramı günüdür
İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığı ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur. Bu gün onların - ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramıdır.
Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir.
Bu il tibb işçilərinin peşə bayramının qeyd olunması yeni koronavirus pandemiyası dövrünə təsadüf edir. Tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək ümumbəşəri təhlükə ilə mübarizənin ön cərgəsindədirlər. Virusa yoluxmuş minlərlə xəstə məhz onların səyi ilə yenidən həyata qayıdır.
Şəki şəhərində fəaliyyət göstərən tibb işçilərinin fədakar əməyini də qeyd etmək lazımdır. Onlar insanların sağlamlığının qorunması istiqamətində əzmlə və səylə çalışırlar.
Tibb işçilərinin peşə bayramı günü münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti başçısının sərəncamına əsasən Şəkidə fəaliyyət göstərən bir qrup tibb işçisi Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Ömürlərə ömür calamaq, ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Elə bu nəcib peşələrinə görə tibb işçiləri hər cür hörmət və ehtirama layiqdirlər.