23 iyun dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur.
Dövlət qulluqçularının peşə bayramı günü Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.
Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.
Bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də islahatlar düşünülmüş surətdə və müəyyənləşdirilmiş proqramlara uyğun aparılır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq 2019-cu ildə müəyyən edilmiş bir sıra tədbirləri, o cümlədən bu Strategiyanın icrası üzrə Fəaliyyət Planını qeyd etmək lazımdır.
Dövlət qulluğu sahəsində aparılan islahatlar dövlət qulluqçularının məsuliyyətini gündən-günə artırmaqla yanaşı, onların hüquqlarının və vəzifələrinin müəyyənləşdirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması üçün də müntəzəm iş aparılır.
2020-ci il yanvarın 1-nə Azərbaycanda dövlət qulluqçularının sayı 29,4 min nəfər olub ki, onların da 29 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 4,7 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 75,6 faizi 4-7-ci təsnifatları, 19,7 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləmişdir. Dövlət qulluqçularının 7,2 faizi 1 ilə qədər, 23,5 faizi 1 ildən 5 ilə qədər, 23,8 faizi 5 ildən 10 ilə qədər, 16,6 faizi 10 ildən 15 ilə qədər, 28,9 faizi isə 15 il və daha çox qulluq stajına malikdir. Dövlət qulluqçularının 17,3 faizini 30 yaşadək, 16,3 faizini 30-34 yaşda, 23,8 faizini 35-44 yaşda, 19,9 faizini 45-54 yaşda, 21,3 faizini 55-64 yaşda, 1,4 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir. 2019-cu ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 1022,2 manat təşkil etmişdir. Bu göstərici əvvəlki illə müqayisədə 28,3 faiz, 2005-ci illə müqayisədə isə 5,6 dəfə çoxdur.