Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin kəndlərində yeni subartezian quyuları qazılır

04 iyul 2020 | 16:00

Azərbaycan Prezidentinin “Şəki rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında” 2020-ci il 6 fevral tarixli Sərəncamına əsasən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən bu il Şəkidə 18 subartezian quyusunun qazılması nəzərdə tutulur. Sərəncamın icrası olaraq, rayonun Birinci Biləcik, Baş Göynük və Aydınbulaq kəndlərində yeni subartezian quyularının qazıntısı işləri artıq yekunlaşıb və hazırda avadanlıqların quraşdırılması həyata keçirilir. Bu günlərdə rayonun İbrahimkənd kəndində də yeni subartezian quyusunun qazılmasına başlanılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Sabir Əhmədov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, yaxın vaxtlarda digər yaşayış məntəqələrində də yeni quyuların qazıntısı işləri həyata keçiriləcək. Bu quyuların hamısının cari ilin sonunadək istismara verilməsi nəzərdə tutulur. Yeni subartezianların istismara verilməsi nəticəsində 116 min nəfərdən çox əhalinin yaşadığı 15 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq, həmçinin əhalinin içməli suya tələbatı ödəniləcək.

İdarə rəisi bildirib ki, Prezident İlham Əliyevin son illər imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamların icrası olaraq, təkcə 2013-2019-cu illər ərzində rayon ərazisində 81 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib.

Keçidlər