Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiyaya qarşı BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə böyük zərurət var

13 iyul 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev koronavirusa qarşı mübarizə istiqamətində beynəlxalq səylərin səfərbər olunması təsəbbüsü ilə çıxış etmişdir.
    Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə  QH-na üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif edilmişdir. Bu təşəbbüs həm QH ölkələri, həm də digər BMT üzv dövlətləri tərəfindən dəstəklənmişdir. 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etmişdir.
      İyulun 10-da Xüsusi Sessiya rəsmi olaraq başlayıb. Lakin dövlət və hökumət başçıları səviyyəsində müzakirələrin keçirilmə vaxtı dövlətlər arasında aparılacaq məsləhətləşmələrdən asılıdır.
      BMT tarixində 31 Xüsusi Sessiya keçirilmişdir.Bunlardan yalnız üçü dövlətlər tərəfindən çağrılmışdır. Lakin Azərbaycanın təklifi ilə Xüsusi Sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında olacaq. Beləliklə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atmışdır.
      BMT Baş Assambleyası artıq mart ayından etibarən pandemiya ilə əlaqədar öz fəaliyyətini dayandırıb. Payızda pandemiyanın ikinci dalğasının olacağı gözlənilir. Nəzəri olaraq BMT ümumiyyətlə bu il rəsmi olaraq toplaşmaya bilər. Bu halda sual olunur ki, bəs dünyada mövcud çoxsaylı problemlərin müzakirəsi və həlli ilə kim məşğul olmalıdır?! Bu gün yalnız BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə məşğul olur və müvafiq açıqlamalar verir. Lakin bu təşkilat məsələnin yalnız səhiyyə aspekti ilə məşğuldur. Bəs məsələnin siyasi, iqtisadi, sosial və digər aspektləri niyə yaddan çıxır. BMT özünün prosedur qaydalarının girovuna çevrilərək bu miqyaslı qlobal problemin həllindən kənarda qalmamalıdır. Belə qlobal təhdidlər şəraitində BMT vəziyyətə adekvat reaksiya verərək prosedur qaydalarını dəyişdirmədən müstəsna və presedent yaratmayan hal kimi videokonfrans formatında Xüsusi Sessiyasını keçirməlidir.
     Artıq virtual formatda yüksək səviyyəli tədbirlərin keçirilmə təcrübəsi formalaşıb. Yəni texniki imkanlar mövcuddur, sadəcə siyasi istək və iradə olmalıdır. İndiki anda bütün dövlətlərdən çeviklik,kompromis ruhunda əməkdaşlıq tələb olunur.     
     Pandemiya dövründə artıq Azərbaycan bir sıra önəmli tədbirlərin virtual formatda keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. Belə ki, cənab Prezidentin təşəbbüsü və sədrliyi ilə aprel və may aylarında Türk Şurasının və Qoşulmama Hərəkatının videokonfrans formatında, dövlət və hökumət başçıları səviyyəsində sammitləri keçirilmişdir.
     Ümidvarıq ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü nəticəsində nəhayət ki, BMT öz rəsmi fəaliyyətini bərpa edərək pandemiya ilə mübarizə kimi önəmli qlobal məsələnin müzakirəsini apara biləcək. İnanırıq ki, bu müzakirələr nəticəsində bəşəriyyəti bu pandemiyanın əlindən xilas edə biləcək önəmli qərarlar veriləcək.

Keçidlər