Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev fenomeni: dünəndən bu günümüzə, bu gündən sabahımıza salınan körpülər

14 iyul 2020 | 16:00

Uca zirvələr uzaqdan daha aydın göründüyü kimi, dahi şəxsiyyət olan Heydər Əliyevin böyüklüyünü də illər keçdikcə daha dərindən dərk edirik. 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilən Heydər Əliyev keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri olan Azərbaycanı çox keçmədən ön sıralardan birinə çıxardı. Sonradan Azərbaycan yenidən müstəqilliyə qovuşarkən siyasi rəhbərliyə qayıdışı ilə ölkəmizi bir çox təhlükələrdən – siyasi və iqtisadi böhrandan, xaos və anarxiyadan, parçalanmaq və məhv olmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Məhz onun müdrik siyasəti sayəsində müstəqilliyimiz qorunub saxlandı və möhkəmləndi, ölkəmiz inkişaf yoluna çıxdı, beynəlxalq arenada tanınmağa başladı. Bu gün Azərbaycan dünyada söz və nüfuz sahibidir, regionun lider dövlətidir. Heydər Əliyev dühası dünəndən bu günümüzə, bu gündən isə sabahımıza körpülər salıb. Ulu Öndərin siyasi hakimiyyətə gəlişinin ildönümündə tariximizin həmin parlaq səhifələri yenidən vərəqlənir, dahi şəxsiyyətin Vətəni və xalqı qarşısında misilsiz xidmətləri bir daha minnətdarlıq hissi ilə xatırlanır.

1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində, sözün böyük mənasında, Günəş doğdu. Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 1969-cu ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcı oldu. 1969-1982-ci illər respublikamızda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaradırdı. Biz bunu çox-çox sonralar – tarixin imtahanına çəkilərkən dərk etməyə başladıq. Əvvəlcə uzaq 1970-ci illərin mənzərəsinə nəzər salaq.

Ulu Öndər hakimiyyətə gələnə qədər ən geridə qalan respublikalardan biri sayılan Azərbaycan qısa müddətdə iqtisadi artım tempinə görə orta ittifaq səviyyəsini ötdü. 1969-1982-ci illərdə milli gəlir 2,6, sənaye məhsulu 2,7, kənd təsərrüfatı 2,3 dəfə artdı, 249 yeni iri sənaye müəssisəsi yaradıldı. Ölkənin sənaye potensialı əvvəlki 50 ildəkini iki dəfə üstələdi. Həmin dövrdə 813 min yeni iş yeri açıldı, əhalinin güzəranı qat-qat yaxşılaşdı. Respublikamızın elmi-texniki potensialı dəfələrlə artdı, 265 elmlər doktoru, 3141 elmlər namizədi hazırlandı. Ötən əsrin 80-ci illərinin əvvəllərində ən nüfuzlu ali məktəblərə respublikamızdan göndərilən gənclərin sayı ildə 1000-1400 nəfər təşkil edirdi. Hər il 800-1000 azərbaycanlı gənc isə ittifaqın nüfuzlu hərbi məktəblərində hərb sənətinin sirlərinə yiyələnirdi. Heydər Əliyevin həyata keçirdiyi titanik və kompleks fəaliyyət nəticəsində Azərbaycan ittifaq büdcəsindən dotasiya almayan iki respublikadan birinə çevrilmişdi.

1993-2003-cü illərdə Ulu Öndər planetin nadir şəxsiyyətlərindən biri olduğunu növbəti dəfə sübuta yetirdi. Ümummilli Liderin mükəmməl idarəçilik məktəbi sayəsində ölkəmiz keçid dövrünün çətin labirintlərindən uğurla çıxdı. 1996-cı ildən Azərbaycan yenidən dirçəliş mərhələsinə qədəm qoydu. 1996-2003-cü illərdə ölkəmizdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. Ölkədə 3000 yeni sənaye müəssisəsi yaradıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Həmin dövrdə ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar geniş miqyas aldı, ölkəmizin beynəlxalq nüfuzu durmadan artmağa başladı. Ulu Öndərin müdrik siyasəti sayəsində düşmənlərin aramsız təxribatlarına, pozuculuq əməllərinə baxmayaraq, Azərbaycandakı müxtəlif mədəniyyətlərin, fərqli dünyagörüşlərinin toqquşması baş vermədi, ölkəmizdə tolerantlıq başlıca meyar olaraq qaldı.

Ümummilli Lider strateji hədəfləri zərgər dəqiqliyi ilə müəyyənləşdirmək və onları kompleks şəkildə həyata keçirmək bacarığı ilə fərqlənirdi. Balanslaşdırılmış və milli mənafeyə əsaslanan dövlət siyasəti, ictimai-siyasi sabitlik, iqtisadi və elmi-texniki tərəqqi, təhsil, müasir və güclü ordu, kadr hazırlığı, xalqın rifahı, milli dəyərlər – bütün bunlar ümummilli lider Heydər Əliyevin başlıca strateji hədəflərindən idi. Bu gün tam əminliklə demək olar ki, Azərbaycan bütün bu hədəflərə yetişib.

2003-cü ildən ötən dövr ümummilli lider Heydər Əliyevin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu oldu. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanı Heydər Əliyev yolu ilə apararaq regionun lider dövlətinə, dünyada söz və nüfuz sahibinə çevirib. Bu gün ölkəmiz sürətlə inkişaf edən iqtisadiyyatı, əlverişli geostrateji mövqeyi, zəngin mədəniyyəti və ənənəvi tolerantlığı ilə bütün planetin diqqət mərkəzindədir.

Ulu Öndərin adını daşıyan, beynəlxalq imici durmadan artan Heydər Əliyev Fondu da bu dahi şəxsiyyətin mənəviyyat bulağından qaynaqlanır. Milli mənafeyə, soykökümüzə bağlı xeyirxah missiyası ilə seçilən Fond artıq sərhədləri aşıb, dünyanın bir sıra ölkələrində həyata keçirdiyi humanitar layihələrlə məşhurluq qazanıb. Fondun reallaşdırdığı orijinal tədbirlər sayəsində muğamımız və bənzərsiz mədəniyyətimiz yeni inkişaf mərhələsini yaşayır. Təsadüfi deyil ki, Azərbaycanın mənəvi inciləri dünya mədəni irsi siyahısında yer almağa başlayıb.

Azərbaycanın çağdaş dövrünün yeni intibah mərhələsinin banisi olan Heydər Əliyev şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir xəzinədir. Ulu Öndər Azərbaycanın söykəndiyi dağdır. O dağın isə zirvəsi çox ucadır. Həmin uca zirvədə bərq vuran Günəşin - Heydər Əliyev dühasının tükənməz nuru Azərbaycana, xalqımızın gələcəyə gedən yollarına daim işıq salacaq.

Keçidlər