Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 6 yaşayış məntəqəsini əhatə edən yollar yenidən qurulub

22 iyul 2020 | 16:00

Şəki rayonunda Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz kəndlərini əhatə edən avtomobil yolları yenidən qurulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz kəndlərini əhatə edən avtomobil yollarının uzunluğu təqribən 33 kilometr təşkil edir. Bunlar respublika əhəmiyyətli Şəki-Qax avtomobil yolu ilə M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunu birləşdirən və 18 kilometr uzunluğa malik Qudula-Qaradağlı-Qoxmuq avtomobil yolu, həmçinin ümumi uzunluğu 15 kilometr olan Şəki-Qax avtomobil yolundan ayrılan Qoxmuq kəndinin, yerli əhəmiyyətli Qudula-Qaradağlı-Qoxmuq avtomobil yolu üzərində yerləşən Baltalı, Babaratma və Qudula kəndlərinin və M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 51-ci kilometrindən ayrılan Daşüz kəndinin yollarıdır.

IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolların ümumi eni 10 metr təşkil edir. İki hərəkət zolaqlı olmaqla yolun hərəkət hissənin eni 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni isə 2 metrdir. Layihəyə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılıb. Yenidənqurma işlərinin əhatə etdiyi ərazinin sahəsi 300 min kvadratmetrdən çoxdur.

Tikinti norma və standartlarına uyğun olaraq yollar boyu torpaq işləri aparılıb, yolun mövcud dağılmış örtüyü sökülüb, yol əsasının və yatağın deformasiyaya uğramış yararsız qruntu, həmçinin torpaq yatağının genişləndirilməsi üçün bitki qatının və yararsız hissələrin qazılaraq çıxarılması, əvəzinə yararlı karxana çınqılı ilə əks-dolğu və kipləşdirmə işləri görülüb.

Layihə çərçivəsində yollar boyu zəruri ərazilərdə atmosfer sularının axıdılması üçün dəmir-beton küvetlərin tikintisi, yol əsasının alt layının qum-qırmadaş, üst layının isə optimal çınqıl qarışığı ilə salınması, çiyin hissələrin eyni materialla təmiri aparılıb. Bundan sonra əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi və 54 yol birləşməsinin təmiri işləri görülüb. Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsi həyata keçirilib.

Sözügedən yolların yenidən qurulması ilə 6 yaşayış məntəqəsinin 10 minədək əhalisinin istər Şəki şəhər mərkəzinə, istərsə də Şəki-Qax və Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə qonşu rayonlara gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq.

Keçidlər