Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə güclü leysanın yaratdığı fəsadlar aradan qaldırılır

23 iyul 2020 | 16:00

İyulun 22-də axşam saatlarından başlayaraq Şəki rayonu ərazisində küləklə müşahidə olunan güclü leysan yağışları nəticəsində infrastruktura xeyli ziyan dəyib. Şəki Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir.

Rayon Fövqəladə Hallar Komissiyasının məlumatına əsasən, təbii fəlakət zamanı rayon ərazisində elektrik enerjisinin təminatında fasilələr yaranıb. Görülmüş operativ təmir işləri nəticəsində qısa müddətdə rayonun böyük hissəsinə elektrik enerjisinin verilməsi bərpa olunub, yararsız hala düşmüş elektrik dirəkləri yeniləri ilə əvəz edilib. Xəstəxana və digər strateji obyektlər fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Lakin buna baxmayaraq, rayonun Köbər Zəyzid, Göynük xətləri üzərində yerləşən məntəqələrin və şəhərin şimal-qərb hissəsinin elektrik enerjisi ilə təminatında problemlər hələ də qalmaqdadır.
Güclü leysan nəticəsində şəhərin əsas magistral küçə və prospektlərində asfalt örtüyü zədələnib, yol kənarı səki daşları yararsız hala düşüb.Köhnə tikililərin divarlarına ziyan dəyib, zirzəmilərə su dolub.Şin və Kiş çaylarında güclü axıntı müşahidə olunub, sahil bəndlərinin müəyyən hissələrinə ziyan dəyib.Babaratma kəndində vətəndaşa məxsus ümumi sahəsi 30 kvadratmetr olan tövlə güclü yağış suları nəticəsində çöküb. Baş Kəldək, Aşağı Göynük və Oraban kəndlərinin daxili yolları sel suları nəticəsində yararsız hala düşüb. Şəki-Qax magistral avtomobil yolunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində asfalt örtüyü zədələnib, sel suları dərin xəndəklər əmələ gətirib.
Təbii fəlakət nəticəsində rayon ərazisində, ümumilikdə, 8 transformator yarımstansiyası ildırım vurması nəticəsində yararsız hala düşüb, yol kənarındakı ağaclar aşaraq 5 ədəd elektrik dirəyini zədələyib.
Hazırda rayon Fövqəladə Hallar Komissiyası tərəfindən dəymiş ziyanla bağlı dəqiqləşdirmələr aparılır.

Keçidlər