Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə buraxılış (qəbul) imtahanları pandemiya dövrünün tələblərinə uyğun aparılıb

24 iyul 2020 | 16:00

Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 24-də Şəkidə keçirdiyi növbəti buraxılış (qəbul) imtahanları başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə 2 mərkəz ayrılıb. Buraxılış (qəbul) imtahanları Şəki şəhərindəki fizika-riyaziyyat və humanitar təmayüllü lisey və Qoxmuq kənd tam orta məktəbində təşkil olunub.

Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.

İmtahana başlamazdan əvvəl, binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.

DİM Şəki regional bölməsindən verilən məlumata görə, ümumilikdə 364 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 5 imtahan rəhbəri və 43 nəzarətçi-müəllim cəlb olunub. İmtahanların keçirilməsi üçün 33 otaq ayrılıb.

AZƏRTAC-ın bölgə müxbiri Şəki şəhərindəki fizika-riyaziyyat və humanitar təmayüllü liseydə keçirilən buraxılış (qəbul) imtahanında iştirak edib. Məktəbdəki bütün imtahan zallarında iştirakçıların rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan prosesi pandemiya dövrünün tələblərinə uyğun şəkildə təşkil olunub. Bu mərkəzdə buraxılış (qəbul) imtahanı Azərbaycan və rus bölmələri üzrə aparılıb.

İmtahan rəhbəri Xətayi Məmmədovun bildirdiyinə görə, 204 şagirdin (abituriyentlin) iştirak etdiyi imtahanın idarə olunmasına 3 rəhbər və 25 nəzarətçi-müəllim cəlb olunub.

Keçidlər