Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub

30 iyul 2020 | 16:00

İyulun 29-da Şəki rayonunun Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, uzunluğu 33 kilometr olan dördüncü texniki dərəcəli bu yol 2 hərəkət zolaqlıdır. Azərbaycan Prezidentinin ötən il imzaladığı müvafiq Sərəncamla yenidən qurulan Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolu 11 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Avtomobil yolunun 17-ci kilometrliyində Əyriçay çayı üzərində uzunluğu 59 metr, qabariti 7,4 metr olan dəmir-beton körpü təmir edilib.

Prezident İlham Əliyevə Şəki rayonunun ərazisində yerləşən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 134 kilometrliyindən ayrılan Şirinbulaq avtomobil yolunun tikinti layihəsi barədə də məlumat verildi. Qeyd olundu ki, 4 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən bu yolun uzunluğu 28,1 kilometrdir.

Keçidlər