Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Son illər ərzində Şəki şəhərinin həm infrastruktur layihələrinin icrası, eyni zamanda, tarixi abidələrinin bərpası istiqamətində çox böyük işlər görülüb

04 avqust 2020 | 16:00

Mən buraya gələrkən görülmüş işlərə bir daha nəzər saldım. Gördüm ki, burada infrastruktur layihələrinin bir çoxu reallaşıb, qazlaşdırmanın səviyyəsi təqribən 85 faizə çatıb, elektrik enerjisi ilə təchizat normaldır. Biz vaxtilə Şəkidə modul tipli elektrik stansiyası qurduq. Yol təsərrüfatı yenilənir. Həm kənd yolları, həm Şəki-Qax-Balakən yolu indi ən yüksək standartlara cavab verir.

Bu sözləri Prezident cənab İlham Əliyev iyulun 29-da Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışında həkimlərlə görüşü zamanı deyib.
“Turizm layihələri icra edilir. Bir çox otellər tikilib və əlbəttə ki, infrastruktur olmadan turizm inkişaf edə bilməz. Bu modul tipli xəstəxananın qarşısında gözəl mərkəzi şəhər xəstəxanası, Olimpiya Mərkəzi, “ASAN xidmət” mərkəzi və digər obyektlər tikilib. Əlbəttə ki, keçən il Şəki Xan Sarayı ilə birgə şəhərin mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması tarixi hadisədir. Bu, Azərbaycanın növbəti böyük zəfəridir. Qız qalası, İçərişəhər, Qobustan və Şəki - bu, təsadüfi deyil. Əlbəttə ki, dediyiniz amillər həlledici rol oynayıb. Amma bununla paralel olaraq, Şəki şəhərinin dünyaya təqdimatı və buraya gələn turistlərin sayının artması nəticəsində Şəkini dünyada daha yaxından tanıdılar. Ekspert komissiyası, əlbəttə ki, bütün bu amilləri nəzərə alıb. Şəki doğrudan da Ümumdünya İrs Siyahısında olmağa layiqdir. Bu, bizim növbəti böyük qələbəmizdir, bütün Azərbaycan xalqının qələbəsidir. Ona görə, bundan sonra da bütün lazımi addımlar atılacaq. Mən bilirəm ki, problemlərdən biri də 1925-ci ildə tikilmiş 7 saylı şəhər məktəbidir. Bu məktəbin yenidən qurulması, yol çəkilişi və digər məsələlərlə bağlı Sərəncam veriləcək. Yəni, görülmüş bütün işləri sadalamaq mümkün deyil. Əsas odur ki, biz buna planlı şəkildə yanaşırıq - sosial infrastruktur, məktəblər, kənd təsərrüfatı, sənaye potensialı və əlbəttə ki, turizmin inkişafı. ” - deyə dövlətimizin başçısı vurğulayıb.

Keçidlər