İlham Əliyev dördulduzlu “Shaki Palace” otelinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Şəkidə dördulduzlu “Shaki Palace” otelinin açılışında iştirak etmişdir.
Otelin kollektivi və inşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Azərbaycan Prezidenti otelin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, ümumi sahəsi 8 min kvadratmetr olan “Sheki Palace” otelinin tikintisinə 2007-ci ilin mayında başlanmışdır. Otelin binası iki hissədən - aşağı və yuxarı korpuslardan ibarətdir. Müasir havalandırma sistemi ilə təchiz edilmiş otel kompleksinin eyni vaxtda 100 nəfərə xidmət göstərməsi nəzərdə tutulmuşdur. Oteldə 40-dək işçi çalışacaqdır.
İki mərtəbədən ibarət birinci korpusda 7 otaq qədim sənətkarlıq növü ilə məşğul olan sənətkarlar üçün emalatxanalarının yaradılması və istehsal olunmuş məhsulların satışı üçün xidmət obyektləri kimi nəzərdə tutulmuşdur. Burada ailə üçün nəzərdə tutulan 11 xüsusi nömrə, eyni zamanda, fitnes mərkəz də fəaliyyət göstərir. Korpusun üst hissəsinin meydançasında qış mövsümü üçün restoran və qarşısında yay mövsümü üçün 100 yerlik açıq terras vardır. Burada, həmçinin konfrans-sərgi zalı və çay evi də yaradılmışdır. Üç mərtəbədən ibarət əsas korpusda isə ümumilikdə 34 nömrə fəaliyyət göstərəcəkdir ki, bunlardan ikisi üçotaqlı və dördotaqlı olmaqla VİP, ikisi ikiotaqlı, qalanları isə standart nömrələrdir.
Oteldə 40 və 50 yerlik restoranlar fəaliyyət göstərəcəkdir.
Beləliklə, “Shaki Palace” oteli Şəkinin turizm potensialının göstəricisi olmaqla yanaşı, bu bölgənin imkanlarını bir daha nümayiş etdirir.
Prezident İlham Əliyev oteldə yaradılmış şəraiti yüksək qiymətləndirdi.
Otelin kollektivi və inşaatçılar dövlətimizin başçısı ilə xatirə şəkli çəkdirdilər.
İlham Əliyev dördulduzlu “Shaki Palace” otelinin açılışında iştirak etmişdir