Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə hər kəs başa düşür ki…

11 avqust 2020 | 16:00

Şəkidə sərt rejim ləğv edilsə də, mübarizə davam edir. Rayon ərazisində koronavirusa yoluxma hallarının qarşısının alınmasının nəticəsi olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-dən etibarən Şəkidə sərtləşdirilmiş karantin rejimi ləğv edilmişdir.

Bu gün Şəkidə hər kəs çox yaxşı başa düşür ki, yoluxmanın qarşısını almaq və sərt karantin rejimindən çıxmaq üçün Şəki şəhər İH, Polis şöbəsi, Şəki səhiyyəsi, Gigiyena və Epidemiologiya Mərkəzi, Qida Təhlükəsizliyi, digər aidiyyatı orqanların əməkdaşları və könüllülər öz öhdələrinə düşən vəzifələri yerinə yetirmək üçün bütün gün ərzində dayanmadan çalışıblar.

Qeyd olunan idarə və təşkilatların əməkdaşlarının danılmaz əməyinin və əhalimizin tövsiyə edilən qaydalara riayət etməsinin nəticəsidir ki, bu gün Şəkidə sakinlərin yaşayış yerini SMS icazə ilə tərk etmək sistemi ləğv olunub, bütün mağazalar, parklar, kafe və restoranlar, istirahət zonaları açılıb, sərbəst hərəkət təmin olunub.
Dünyada isə pandemiya can almaqda davam edir. Son məlumatlara görə dünyada koronavirusa yoluxmuş xəstələrin sayı 20 milyonu, vəfat edənlərin sayı 738 mini keçir və bu say hər saat artmaqda davam edir.

Bu gün Şəkidə hər kəs çox aydın şəkildə başa düşür ki, rayonda sərt karantin rejimi ləğv olunsa da, heç kim bu virusa yoluxmaqdan sığortalanmayıb. Və nə qədər ki, dünyada vaksin icad edilməyib, başqa dövlətlər kimi bizim də dövlətimiz vaksini əldə edərək əhalisini bu virusdan qorumaq imkanında deyil, vacib olan 3 şərtə: qoruyucu maskadan istifadə, sosial məsafənin qorunması və dezinfeksiya tədbirlərinə əməl etməklə özümüzü, ailəmizi, əzizlərimizi və ətrafımızı qoruya bilərik.

Bu gün Şəkidə öz ailəsi, övladları və ya nəvələri ilə sərbəst şəkildə hərəkət edə bilən hər kəs çox aydın şəkildə başa düşür ki, özümüzü qorumasaq və yoluxma halları əvvəlki aylarda olduğu kimi artarsa, yenidən sərt karantin rejimi tətbiq oluna bilər.
Belə olduqda isə, sərt rejimdən çıxaraq sərbəst hərəkət edə bilməyimiz üçün gecə- gündüz çalışan şəxslərin əməyinin üstündən xətt çəkmiş olacaq və özümüz isə yenə də məhdudiyyətlər rejimində yaşamalı olacağıq.

Bu gün Şəkidə hər bir kəs çox yaxşı başa düşür ki, xəstəliyin yayılmasının qarşısının alınmasında gərgin əməyi olan, hər an yoluxma riski ilə üz-üzə dayanan Şəki şəhər İcra Hakimiyyəti, polis şöbəsi, digər idarə və təşkilatların əməkdaşları sərt karantin regimi ləğv edilməsinə baxmayaraq, yoluxma hallarının baş verməməsi üçün əvvəlkindən daha çox çalışır, öhdələrinə düşən vəzifələri yerinə yetirmək üçün bütün imkanlarını səfərbər edirlər.

Belə ki, sərt karantin rejimi dövründə rayon əhalisi arasında maarifləndirmə işləri aparan, mərkəzi bazarda, ərzaq satışı ilə məşğul olan obyektlərdə, nəqliyyatda qaydalara riayət edilməsinə nəzarət edən və mütəmadi dezinfeksiya işlərini həyata keçirən əməkdaşlar, bu gün artıq fəaliyyətinə razılıq verilmiş bütün obyetklərdə, parklarda, kafe və restoranlarda, otellərdə və istirahət zonalarında gündəlik 70-dən artıq reydlər keçirir, təbliğatla yanaşı, istirahət etmək üçün gələn sakinlərə tələb olunan qaydalara uyğun şəkildə xidmət göstərilməsinə ciddi nəzarət edirlər.

Bu gün əvvəlkidən ikiqat artıq əziyyət çəkən həmin əməkdaşlar da çox yaxşı başa düşürlər ki, sərt karantin regimi yenidən tətbiq edilərsə, rayonumuzun digər sakinləri kimi onların da ailə üzvləri sərt rejimə riayət etməli olacaqlar.

Bu gün yaşımızdan, vəzifəmizdən və imkanlarımızdan asılı olmayaraq hər birimiz üçün başa düşülməsi çətin olmayan yalnız bir tələb var: Özünü qoru!

Sən özünü qorusan, qarşındakını da, ətrafındakıları da qorumuş olacaqsan!

PS. Əziz Şəkililər!

Əksər rayonlarında ailəvi dostları olması ilə fəxr edən, evində qonaqları olması ilə qürur duyan, bu gün isə gəliş-gediş olmadığı üçün özünü çox tənha hiss edən biz də, bizimlə görüşmək, dərdləşmək və həm də istirahət etmək üçün rayonumuza gəlmək istəyən dostlarımız və qonaqlarımız da çox yaxşı başa düşürlər ki, hər hansı gözlənilməz yoluxma halı nəticəsində kiminsə ailəsində arzulamadığımız ağır faciə baş verərsə, bu həmin ailələr arasındakı dostluq münasibətlərinə ömürlük son deməkdir!

Ona görə də, səbrli olun...

Bugünkü problem tək bizim yox, bütün dünyanın problemidir...

Vaxt gələcək yenə də süfrəmizin başında baş tacımız olan əziz dostlarımız, qonaqlarımız oturacaq. O zaman yenə də özümüzü güclü və arxalı hiss edəcəyik...

Daşqın Mikayılov

Keçidlər