Şriftin ölçüsü :

Saytın rəngi :

Ata və oğulun uyuduğu iki yanaşı məzar – Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun doğma kəndindən reportaj

13 avqust 2020 | 16:00

Şəki rayonunun Oxud kənd qəbiristanlığında ata və oğulun uyuduğu iki yanaşı məzar var. Onlardan birində İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov, digərində isə onun oğlu, Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycanın ilk Milli qəhrəmanlarından olan Mikayıl Cəbrayılov uyuyur. Hər iki qəhrəmanın xatirəsi nəinki doğulub boya-başa çatdıqları Şəki rayonunda, eləcə də ölkəmizin hər bir guşəsində, Azərbaycanın hüdudlarından kənarda da daim əziz tutulur, anılır.

AZƏRTAC xəbər verir ki, bu ilin sentyabrında əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur. Xalqımızın qəhrəmanlıq ənənələrini ölkəmizin hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyev avqustun 11-də Sərəncam imzalayıb. Sərəncama əsasən, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə dair tədbirlər planının hazırlanıb həyata keçirilməsi üçün müvafiq dövlət qurumlarına xüsusi tapşırıqlar verilib.

Sərəncamda da qeyd olunduğu kimi, Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə qazanılmasında böyük xidmətlər göstərib, Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçib. 1941-ci ildə müharibənin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü şəkildə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak edib. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilib. Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin, eyni zamanda, Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilib.

AZƏRTAC-ın bölgə müxbiri əfsanəvi partizanın anadan olduğu Şəki rayonunun Oxud kəndində Əhmədiyyə Cəbrayılovun ailə üzvləri ilə görüşüb, onlarla birgə ata və oğulun məzarlarını ziyarət edib, qəhrəman partizanın Şəki şəhərindəki ev-muzeyinin fəaliyyəti ilə tanış olub.

Muzeyin yaradıcısı, əfsanəvi partizanın oğlu Cavanşir Cəbrayılovun sözlərinə görə, İkinci Dünya müharibəsi illərində Cəbrayılovlar ailəsindən 5 nəfər cəbhəyə yollanıb. Onlardan ancaq ikisi cəbhədən sağ qayıda bilib.

Əhmədiyyə Cəbrayılovun Şəki şəhərindəki ev-muzeyi qəhrəmanın ailə üzvlərinin təşəbbüsü ilə 1995-ci ildə yaradılıb. Muzey əvvəlcə bir otaqdan ibarət olub. Qəhrəmanın oğlu Cavanşir Cəbrayılov 1995-ci ildə Bakıda Fransa səfirliyində keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevlə görüşən zaman Ulu Öndər ona atasının xatirəsinin yaşadılması üçün bir sıra məsləhətlər verir. Dahi rəhbərin tövsiyəsi ilə Cəbrayılovlar ailəsi ev-muzeyinin sahəsini daha da genişləndirib. Hazırda 4 otaqdan ibarət olan muzeydə əfsanəvi partizanın həyatı və döyüş yollarından bəhs edən 126 sənəd, 4500 foto, 10 mindən çox məktub, haqqında məqalələr dərc edilmiş 996 qəzet və 42 jurnal, 40 kitab və çoxlu sayda digər eksponatlar nümayiş etdirilir.

Əfsanəvi partizanın qızı Raya Əliyeva atasının xatirəsinin yaşadıldığına görə ölkə rəhbərliyinə minnətdarlığını bildirərək deyib: “Fəxr edirəm ki, əfsanəvi qəhrəmanın qızı, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun bacısıyam. Həmçinin fəxr edirəm ki, atamın, qardaşımın yolu ilə getmək, Vətənimizin keşiyində dayanmaq üçün hər an canından keçməyə hazır olan 3 əsgər böyütmüşəm. İki qəhrəmanın övladı, bacısı olmaq mənim üçün çox böyük şərəfdir. Belə ucalıq hər övlada nəsib olmur”.

Qeyd edək ki, Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun xatirəsinin əbədiləşdirilməsi üçün indiyədək Şəkidə bir sıra işlər görülüb. Şəki şəhərində qəhrəmanın adına küçə var. Doğulduğu Oxud kəndindəki ümumi orta məktəb onun adını daşıyır. Əhmədiyyə Cəbrayılovun vaxtilə Şəki şəhərində yaşadığı evdə ailə üzvlərinin təşəbbüsü ilə yaradılan xatirə muzeyi fəaliyyət göstərir. Bundan əlavə, rayonun Oxud, Baltalı, Baş Göynük, Baş Layıqsı, Kiş, İbrahimkənd, Aşağı Göynük və daha bir neçə kəndə də qəhrəmanın adına küçələr var.

Keçidlər