Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə ali məktəblərə qəbul imtahanları altı mərkəzdə aparılıb

14 avqust 2020 | 16:00

Dövlət İmtahan Mərkəzinin (DİM) avqustun 13-də Şəki şəhərində keçirdiyi II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə 6 mərkəz ayrılıb. Qəbul imtahanları Şəki şəhərindəki 8, 11, 12 və 17 nömrəli tam orta, fizika-riyaziyyat və humanitar təmayüllü lisey və Qoxmuq kənd tam orta məktəbində təşkil olunub.

Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.

İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.

Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsindən verilən məlumata görə, ümumilikdə 1349 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 18 imtahan rəhbəri və 148 nəzarətçi-müəllim cəlb olunub. İmtahanların keçirilməsi üçün 113 otaq ayrılıb. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

AZƏRTAC-ın bölgə müxbiri Şəki şəhər 11 saylı tam orta məktəbdə keçirilən qəbul imtahanında iştirak edib. Məktəbdəki bütün imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan prosesi pandemiya dövrünün tələblərinə uyğun şəkildə təşkil edilib.

İmtahan rəhbəri Rövşən Kərimovun bildirdiyinə görə, 216 şagirdin iştirak etdiyi imtahanın idarə olunmasına 3 rəhbər və 23 nəzarətçi-müəllim cəlb olunub.

Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində qəbul imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.

Keçidlər