Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib

18 avqust 2020 | 16:00

Avqustun 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəki şəhərindəki Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
Müəssisənin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov, Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və əlilliyi olan şəxslər iştirak ediblər.
Mərasimdə nazir müavini Vüsal Nəsirli çıxış edərək, ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımları diqqətə çatdırıb, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi sahəsində də ardıcıl işlərin aparıldığını bildirib. Qeyd olunub ki, 2019-cu ildə nazirliyin Yevlax və Naftalan Reabilitasiya mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
Bu istiqamətdə tədbirlərin 2020-ci ildə də davam etdirildiyini vurğulayan Vüsal Nəsirli avqustun 11-də Lənkəran şəhərində Reabilitasiya Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyini diqqətə çatdırıb. Bildirilib ki, cari ildə, həmçinin Sumqayıt, Şirvan, Xaçmaz şəhərlərində Reabilitasiya mərkəzləri, Şağan Reabilitasiya Pansionatı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək. Bundan əlavə, uşaq reabilitasiya sisteminin ölkəmizin bölgələri üzrə genişləndirilməsi işləri çərçivəsində bu il Qəbələ və Şəmkir rayonlarında Uşaq Reabilitasiya mərkəzlərinin açılması da nəzərdə tutulub. “Beləliklə, 2020-ci ildə, ümumilikdə, nazirliyin 8 reabilitasiya müəssisəsinin açılması planlaşdırılıb. Bu da reabilitasiya xidmətləri ilə əhatə olunanların illik sayının iki dəfə artaraq 28 minə çatmasına imkan verəcək”, - deyə nazir müavini qeyd edib.
Tədbirdə əlilliyi olan şəxslər ölkəmizdə həssas əhali qruplarına göstərilən dövlət qayğısından, eyni zamanda, reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması və bərpa imkanlarının artırılmasından razı qaldıqlarını ifadə edərək, dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Müasir standartlara uyğun reabilitasiya şəraitinin yaradıldığı müəssisə limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər yeni, müasir tibbi-reabilitasiya avadanlıq və aparatlarla təchiz edilib. Mərkəzdə Şəki və ətraf rayonlar üzrə il ərzində 800 əlilliyi olan şəxsə səmərəli fizioterapevtik üsulların tətbiqi əsasında tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək.

Keçidlər