Şəkidə 1355 hektar sahədə silos üçün təkrar qarğıdalı əkilib
Taxıl biçini başa çatdıqdan sonra Şəki rayonunun təsərrüfatlarında 1011 hektar sahədə təkrar qarğıdalı əkininin aparılması proqnozlaşdırılırdı. Dövlətin bu sahəyə dəstəyindən ruhlanan torpaq mülkiyyətçiləri cari mövsümdə proqnozdan çox - 1355 hektar sahədə silos üçün təkrar qarğıdalı əkiblər.
Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Qurumdan bildirilib ki, təkrar əkinlərin 37 hektarı Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzi, 1318 hektarı isə torpaq mülkiyyətçiləri tərəfindən aparılıb. Təkrar əkin aparılmış sahələrdə bitiş normaldır.
Qeyd edək ki, bu il təkrar qarğıdalı əkininə görə fermerlərə toxum almaq üçün dövlət tərəfindən hər hektara 60 manat birdəfəlik vəsait ödəniləcək. Təkrar əkinlər həm aqroekoloji, həm də iqtisadi baxımdan səmərəlidir. Mütəxəssislər hesab edirlər ki, respublikada mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır.