Yeddi ayda Şəkidə suvarma kanalları vasitəsilə əkin sahələrinə 75,9 milyon kubmetr su verilib
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planında torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsinin davam etdirilməsi əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub.
Azərbaycan Respublikası Prezidentinin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nda ölkədə su ehtiyatlarının artırılması, istehlakçıların içməli su və suvarma suyu ilə təchizatının yaxşılaşdırılması məqsədilə aidiyyəti dövlət qurumlarının qarşısına mühüm vəzifələr qoyulub.
Sərəncamda qeyd olunduğu kimi, ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir.
Şəkidə 859 kilometr uzunluğunda suvarma kanalları mövcuddur
Torpaqların su təminatının yaxşılaşdırılması, əkin sahələrinin suvarılması zamanı su itkisinin qarşısının alınması məqsədilə son illər “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsi tərəfindən də zəruri tədbirlər görülür.
İdarənin rəisi Sadəddin Əhmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda Şəki rayonu ərazisində 38 min 980 hektar suvarılan torpaq sahəsi mövcuddur. Rayon ərazisindəki suvarma şəbəkələrinin əsas su mənbəyi Şinçay, Kişçay, Küngütçay, Əyriçay, Əlicançay, Daşağılçay dağ çayları, həmçinin artezian və bulaq sularıdır. Əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün rayonda 859 kilometr uzunluğunda suvarma kanalları mövcuddur. Bu kanalların 127,3 kilometri təsərrüfatlararası, 731,7 kilometri isə təsərrüfatdaxili kanallardır. Cari ilin 7 ayı ərzində su mənbələrindən 95 milyon 133 min kubmetr su götürülüb, əkin sahələrinə 75 milyon 931 min kubmetr suyun verilməsi təmin olunub. Əkin sahələrinin su ilə təminatının yaxşılaşdırılması məqsədilə cari ilin 7 ayı ərzində 280 kilometr uzunluğunda kanallarda lildən təmizləmə işləri həyata keçirilib.
“Dəhnə” beton kanalı 5500 hektar əkin sahəsini suvarma suyu ilə təmin edir
Qurum rəsmisi bildirib ki, idarənin balansında olan 28 kilometr uzunluğunda “Dəhnə” beton kanalı Dəhnələr zonasındakı 5500 hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. 1987-ci ildə istismara verilən bu kanal uzun illər istifadə olunduğundan son illər bəzi hissələri yararsız vəziyyətə düşmüşdü. Su itkisinin qarşısının alınması məqsədilə dövlət tərəfindən ayrılan vəsait hesabına bir neçə ildir kanalda təmir-bərpa işlərinə başlanılıb. İndiyədək kanalın 6 kilometrlik hissəsi təmir olunub. Təkcə cari ilin 7 ayı ərzində kanalın 1600 poqonmetrlik hissəsində təmir işləri aparılıb və bu işlər növbəti illərdə də davam etdiriləcək.
Cəyirli su anbarında təmir-bərpa işləri tamamlanaraq istismara verilib
İdarə rəisinin sözlərinə görə, rayonun Cəyirli, Şəkikənd, Aran, Qayabaşı, Sarıca kəndlərinin ərazisindəki 3482 hektar əkin sahəsini suvarma suyu ilə təmin edən 17,5 kilometr uzunluğunda Cəyirli torpaq kanalının da gələcəkdə beton üzlüyə alınması planlaşdırılır. Bu kanalın qidalandığı əsas su mənbəyi Əlicançaydır. İlin 9 ayında həmin ərazilərdə suvarma suyu ilə bağlı problem olmur. Yalnız yay aylarında çayda su həddindən artıq azaldıqda, bəzi dövrlərdə isə tamamilə quruduqda əkin sahələrinin suvarılmasında problem yaranır. Vəziyyətdən çıxmaq üçün vaxtilə həmin ərazidə Cəyirli su anbarı tikilib. 2000-ci ildən istismar olunmayan su anbarı tamamilə yararsız vəziyyətə düşmüş, beton üzlüyü dağılmışdı, su saxlamırdı. “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən 2019-cu ildə su anbarında təmir-bərpa işlərinə başlanılıb və bir müddət əvvəl həmin sututarı bərpa olunaraq istismara verilib. Su tutumu 1,23 milyon kubmetr olan su anbarının dağ çaylarında gur sululuq dövründə doldurulması və yay aylarında əkin sahələrinin suvarılması zamanı su çatışmazlığı yarandıqda Cəyirli kanalına verilməsi nəzərdə tutulur.
Əlicançayın üzərində tikiləcək su anbarı minlərlə hektar torpaq sahəsini su ilə təmin edəcək
Sadəddin Əhmədov bildirib ki, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilən Tədbirlər Planında ölkə ərazisində dağ çayları üzərində 10 su anbarının, o cümlədən Şəki rayonu ərazisində Əlicançay su anbarının tikintisi planlaşdırılır. Rayonun Cəyirli, Şəkikənd, Aran, Qayabaşı, Sarıca və həmin ərazidəki digər kəndlərin əkin sahələrinin suvarılması üçün yeganə su mənbəyi Əlicançaydır. Hələlik su anbarının dəqiq yeri təyin edilməyib, müxtəlif variantlar üzərində araşdırmalar aparılır. Mütəxəssislərin rəyinə görə, Əlicançayın üzərində ümumi su tutumu 115 milyon kubmetr olan su anbarı tikilərsə, həmin ərazidə 16 min 100 hektar torpaq sahəsinin su ilə təmin edilməsi mümkün olacaq. O cümlədən həmin ərazidə 10 min hektardan çox sahə yeni əkinə cəlb ediləcək.
Dağ çaylarında sahilbərkitmə işləri görülür
Şəki rayonunun yaşayış məntəqələrini və əkin sahələrini baş verə biləcək sel təhlükəsindən qorumaq məqsədi ilə “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən rayon ərazisindən axan dağ çaylarında sahilbərkitmə işləri də davam etdirilir. Rayon Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Arif Səmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda dağ çaylarında 31,6 min poqonmetr uzunluğunda mühafizə-beton bəndlər mövcuddur. Bu ilin 7 ayı ərzində beton bəndlərdə 700 kubmetr həcmdə cari təmir işləri görülüb və hazırda davam etdirilir. Yaz-yay və payız aylarında yağan leysan yağışları nəticəsində əmələ gələn sel sularının maneəsiz axıdılması məqsədilə 7 ayda çay məcralarında 580 min kubmetr həcmdə tənzimləmə işləri aparılıb. Selə qarşı mübarizə tədbirləri çərçivəsində Baş Göynük kəndinin mühafizəsi məqsədilə Şinçayda 280 kubmetr həcmdə qabion bənd qurulub.