Şəkidə Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə yubiley medalları təqdim edilib
Sentyabrın 4-də Respublika Veteranlar Təşkilatının nümayəndələri Şəki şəhərinə səfər edib və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşüblər.
Qonaqları salamlayan icra başçısı ölkəmizin ictimai-siyasi həyatında, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində Respublika Veteranlar Təşkilatının, onun yerli şöbələrin böyük rolu olduğunu vurğulayıb, veteranlara cansağlığı, təşkilatın fəaliyyətinə uğurlar arzulayıb.
Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov ölkəmizdə Böyük Vətən müharibəsi iştirakçılarına daim diqqət və qayğı ilə yanaşıldığını, veteranların sosial müdafiəsi istiqamətində bir çox işlərin görüldüyünü qeyd edib.
Sonra Respublika Veteranlar Təşkilatının adından Şəki rayon Veteranlar Təşkilatının sədri Mustafa Əhmədova, təşkilatın sədr müavini Vaqif Əhmədova "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” Rusiya Federasiyasının yubiley medalı təqdim olunub.