Şəki şəhərinin ərazisində yerləşən otellərdə monitorinqlər keçirilib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 avqust 2020-ci iltarixli 287 nömrəli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarına əsasən bu qaydaların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə avqustun 24-dən etibarən ölkə üzrə hotellərdə monitorinqlərə start verilib.
Bu məqsədlə Şəki şəhərində yerləşən orta və böyük həcmli otellərə təlimatlandırıcı səfərlər baş tutmuşdur. Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən monitorinqlərdə Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki Turizm İnformasiya Mərkəzinin əməkdaşları və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edib.
Qeyd edək ki, monitorinqlərdən əvvəl hər bir hotel üzrə məsul şəxs təyin edilib və həmin şəxslərə əvvəlcədən Qaydaların öyrədilməsi məqsədilə onlayn təlimlər keçirilib. Hazırda Şəkidə fəaliyyət göstərən 11 hotel təlimlərə cəlb olunmuş və müvafiq xəbərdaredici nişan plakatları ilə təmin olunmuşdur. İşçilərin və qonaqların sağlamlığının qorunması məqsədilə hotellərdə monitorinq aparan şəxslər üçün də xüsusi təlimlər təşkil olunub.
Bununla yanaşı, işçi heyətin və qonaqların təhlükəsizlik məqsədilə tələb olunan gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsində yardımçı olmaq üçün Turizm Könüllüləri Təşkilatının üzvləri də monitorinq prosesinə cəlb olunub. Bu məqsədlə turizm könüllüləri üçün də təlimlər təşkil edilib.
Qeyd olunan qaydaların tələblərinə riayət edən mehmanxanalar Azərbaycan Respublikasının DövlətTurizm Agentliyi tərəfindən “SAHMAN” – sanitariya və gigiyena nişanı ilə təltif ediləcək.