Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Bu gün Azərbaycan nefti tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir
İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Azərbaycanda aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə kimi göstərilir.
Bu sözləri sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində Prezident cənab İlham Əliyev deyib.
“Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ilə Azərbaycan öz neft-qaz strategiyasında mühüm hadisəyə imza atır. “Abşeron” yatağının istifadəyə verilməsi Prezident İlham Əliyevin iradəsi ilə baş tutur. Bu yataqda ilkin proqnoza görə 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Yataqda 100 milyon ton kondensatın olması neft hasilatını və ixracını sabit saxlamağa imkan verir. Təqribən 7 milyard dollar dəyəri olan “Mərkəzi-Şərqi Azəri” adlanan yeni layihənin icrası nəticəsində yeni mənbələrdən hasilat artacaq.
“Abşeron” yatağının həm kəşfi azərbaycanlı mütəxəssis Xoşbəxt Yusifzadə tərəfindən edilib, həm də istifadə edilən bütün qurğular Azərbaycanda istehsal olunub. Beləliklə, Azərbaycan sadəcə xammal hasilatı ilə kifayətlənmir, neft-qaz kəşfiyyatında, karbohidrogen daşıyıcıları hasilatı üçün tələb olunan texnika istehsalında da öz ənənələrini qoruyur və inkişaf etdirir. Azərbaycanın uğurlu inkişafında neftçilərin çox böyük rolu vardır. Azərbaycanın uğurlu gələcəyi də neftçilərin peşəsindən, onların nailiyyətlərindən böyük dərəcədə asılı olacaqdır.
Ölkə başçısı bildirib ki, müstəqillik dövrünə qədər çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Biz o vaxt müstəqil ölkə olsaydıq, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. Düzdür, o vaxt zəngin neft maqnatları, onlar əldə etdikləri gəlirlərin bir hissəsini xeyriyyəçiliyə sərf edirdilər, xüsusilə Hacı Zeynalabdin Tağıyev, Muxtarov, Əsədullayev. Tağıyev, bildiyiniz kimi, Bakıya Şollar su kəmərini çəkdirmişdir, eyni zamanda, təhsilə böyük əhəmiyyət verirdi.
İkinci Dünya müharibəsində sovet ordusunun Qələbəsində Azərbaycan neftçilərinin xüsusi, müstəsna əməyi vardır. Bunun müqabilində Sovet İttifaqı Azərbaycana dağılmış iqtisadiyyat, dağılmış neft infrastrukturu miras qoyub.
Bu gün neft gəlirləri qorunur, düzgün idarə olunur, ölkənin abdadlaşdırılması, infrastrukturun təzələnməsi, xalqın rifahının yüksəldilməsi və ordunun gücləndirilməsi üçün istifadə olunur.
Ölkə başçısı qeyd edib ki, biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik. Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaqdır.