Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq
Ermənistanın bugünkü rəhbərliyi ölkəni uçuruma aparır. Ermənistanın indiki rəhbərliyi məsuliyyətsizdir, addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir.
Sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində Prezident cənab İlham Əliyev bildirib ki, Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır. Müstəqillik Ermənistanda formal xarakter daşıyır. Bu necə müstəqil ölkədir ki, öz qərarını qəbul edə bilmir?. Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi Sorosdur.
Dövlət başçısı qeyd edib ki, danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik.
Ermənistanın işğal edilmiş torpaqlarda məskunlaşdırma aparması bütün beynəlxalq konvensiyalara ziddir, qanunsuzdur, cinayətdir. Qədim tarixi şəhərimiz Şuşada qondarma rejimin dırnaqarası rəhbərinin guya andiçmə mərasiminin keçirilməsi, düşmən tərəfinin hansısa komediya tipli təlimlər keçirilməsi açıq təxribatdır. İyul hadisələri açıq silahlı təxribatdır. Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi açıq bildirib ki, atəşkəsi Ermənistan tərəfi pozub.
Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. 1990-cı illərin əvvəllərində, o vaxt Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti, satqınlığı nəticəsində biz Dağlıq Qarabağı müvəqqəti olaraq itirdik. Biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik.
Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəal olub. Azərbaycanı BMT-dəən çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir. İƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqe sərgiləyir. Müsəlman ölkələri bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib. Dini tarixi abidələr dağıdılıb, müsəlman müqəddəsləri təhqir edilib. Ermənistanda islamofobiya dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər. Ermənistan uğursuz ölkədir. İqtisadiyyat çöküb, bazar məhdud, əhali azalır, hər hansı bir investisiya üçün cəlbedici deyil. Müsəlman ölkələrinin burda hansı marağı ola bilər?
Son illər ərzində Türkiyə-Azərbaycan birgə hərbi təlimlərin sayı ciddi şəkildə artmışdır. Bu təlimlər həm Azərbaycan, həm də Türkiyəyə lazımdır, regional sabitliyə lazımdır. Çünki Ermənistan regional sabitlik üçün təhdiddir. Azərbaycanın Türkiyə ilə sıx əlaqələri bundan sonra da “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcək.