Xalq və ordu birliyi
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.İclasda çıxış edən dövlət başçısı qeyd etmişdir ki, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Bu, bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir.Səhər tezdən məlumatı alan kimi, mən Müdafiə naziri, digər aidiyyəti qurumların rəhbərləri ilə əlaqə saxladım, müvafiq göstərişlər verdim və bu göstərişlər əsasında hazırda Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışdır. Bu gün səhər mən bütün bölgələrdən, cəbhəyanı bölgələrdən məlumat almışam, - Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər.
Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq, hazırda əks-hücum əməliyyatı keçirir. Onu deyə bilərəm ki, uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulmuşdur. Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm!
Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır. Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq.
Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Mən həmişə deyirdim ki, biz müvəqqəti itirmişik, biz bu torpaqlara qayıtmalıyıq. Şuşanın satılması sırf o vaxt hakimiyyət uğrunda gedən mübarizənin nəticəsində baş vermişdir. Kəlbəcərin, Laçının işğal altına düşməsi Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin birbaşa məsuliyyətidir. Məhz bu işğaldan sonra demək olar ki, növbəti işğal da qaçılmaz oldu. Çünki Laçının, Kəlbəcərin, Şuşanın işğal altına düşməsi Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi bağlantı yaratmışdır. Belə olan halda əlbəttə ki, o bölgələrə, Dağlıq Qarabağa silah təchizatı, ondan sonra digər maddi resursların təchizatı asanlaşmışdır.
Bu gün biz Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Müsavat Partiyasının yarıtmaz əməllərini, bu ləkəni Azərbaycanın üstündən silirik. Bu gün biz öz torpaqlarımızı bərpa edirik. 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi. Bu gün - 2020-ci ildə, artıq bir daha qeyd etmək istəyirəm ki, bir neçə yaşayış məntəqəmiz işğalçılardan azad edildi, bir neçə strateji yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi. Güclü Azərbaycan Ordusu güclü siyasi iradəyə əsaslanır.