Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edib. Prezident İlham Əliyev cənab səfirlə söhbətində Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı Pakistan İslam Respublikasının Azərbaycana davamlı dəstəyinə görə minnətdarlığını bildirərək demişdir : “ Biz Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarıq. Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir. Bütün hallarda Pakistan həmişə bizim yanımızdadır və mən buna görə minnətdaram”.
Qəbulda Prezident İlham Əliyev son günlər baş verən hadisələrə toxunaraq qeyd etdi ki, Ermənistan açıq-aşkar yeni müharibəyə hazırlaşırdıı. Sentyabrın 27-də onlar müxtəlif istiqamətlərdən kəndlərə, hərbi mövqelərə hücum etməyə başladılar və bu iki gündə mülki şəxslər arasında itkilərimiz oldu. Əfsuslar olsun ki, mülki şəxslər arasında itkilərin sayı artır. Ermənistan silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən aralarında iki uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürülüb. Mülki şəxslər arasında 20-dən çox yaralı var. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. Bu dəfə onlara növbəti dərs veriləcək. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın uzun illər ərzində təcavüzü və işğalı bütün infrastrukturun dağılmasına gətirib çıxarıb, Xocalı soyqırımından başqa, onlar mədəni soyqırımı da törədiblər. Onlar tarixi abidələri dağıdıblar, məscidləri dağıdıblar. Onlar tərəfindən hələ dağıdılmayan məscidlər heyvan saxlamaq üçün istifadə edilir. Onlar bütün müsəlman dünyasını təhqir edirlər. Hansı rejimin hakimiyyətdə olmasından asılı olmayaraq onların islamofobiya və Azərbaycanofobiya siyasəti artıq Ermənistanın rəsmi ideologiyasına çevrilib;
Daha sonra cənab Prezident bildirmişdir ki, Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə təhdiddir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiklərinə göz yumur. Diktatorluq artıq Ermənistanda rəsmi siyasətə çevrilib. İki sabiq prezident barəsində cinayət araşdırmaları aparılır. Jurnalistlər həbsxanada ölür. Siyasi müxalifət sıxışdırılır. Paşinyan Ermənistanın yeni diktatorudur. Lakin əfsuslar olsun ki, özünü həbsxanada əziyyət çəkən insanların müdafiəçisi kimi göstərən insan haqları təşkilatları reaksiya vermir. Bu, ikili standartların nümayişidir. Ermənistanın diktator rejimi dayandırılmalıdır və əgər beynəlxalq ictimaiyyət onları dayandırmasa, Azərbaycan onları dayandıracaq;