Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Türkiyə regionda sülhün təminatçısıdır
Sentyabrın 29- da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar.
Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, cəbhədə vəziyyət gərgindir. Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qalıb. Biz təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik. Beləliklə, artıq üçüncü sutkadır ki, şiddətli döyüşlər gedir, bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Bu gün vəziyyət elədir ki, fəal döyüş əməliyyatları aparılır.
Prezident İlham Əliyev hadisələrdə Türkiyənin rolunu izah edərkən demişdir: “ Hesab edirəm ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyənin rolu, əslində, məhz bundan ibarətdir, başqa heç bir rolu yoxdur. Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.