Makronun timsalında Fransa obyektiv və ədalətli vasitəçi reputasiyasını itirdi
Fransanın Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş verən son hadisələrə dair verdiyi bəyanat münaqişənin həll edilməsi üçün yaradılan Minsk Qrupu həmsədri kimi ölkənin vasitəçilik missiyası ilə uyğun gəlmir, birtərəfli və qərəzlidir.
Emmanuel Makronun bəyanatı bölgə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət etmir. Bu bəyanatla Makron Fransanın 30 illik danışıqlar prosesi boyunca tərəflərə fərqli münasibət göstərdiyini ortaya qoydu. Fransa işğalçı Ermənistanı dəstəkləyir, obyektiv deyil. Bu ölkə Minsk Qrupu həmsədri funksiyasını yerinə yetirməkdə psixoloji çətinlik çəkir. Fransa bu missiyasını tərəfsiz olaraq yerinə yetirib-yetirməyəcəyi haqqında xüsusi açıqlama verməlidir.
Makronun Latviyanın paytaxtı Riqada səsləndirdiyi “Fransa Türkiyənin savaşkar bəyanatından olduqca narahatdır, bu bəyanat Azərbaycan üzərindən məsuliyyəti götürür və Şimali Qarabağı (dediyi kimi) yenidən fəth etməyə imkan verir.” deməsi, Makronun nəinki ədalətli vasitəçi, həm də münaqişənin detalları və tarixi haqqında xəbərdar olmasına şübhə yaradır.
Fransanın Minsk Qrupu həmsədrliyindən çıxarılması müzakirə edilməlidir. Münaqişənin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik missiyasını yerinə yetirən bir ölkənin prezidentinin Ermənistana və ermənilərə xitabən “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq.” – deyə bəyanat verməsi əsla qəbul edilə bilməz. Bu işğalçı Ermənistanın mükafatlandırmaq və yeni ərazilər işğal etməyə həvəsləndirməkdir.
Azərbaycan işğalçıya qarşı Vətən Müharibəsi aparır. Bu savaş Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək uğrunda Vətən Müharibəsidir. Bu bizim haqq işimizdir. Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Bunu anlamayan vasitəçilərin missiyasına ehtiyac yoxdur.
Fransanın yaxın tarixinə diqqət yetirdikdə onun soyqırımlarla dolu səhifələrini görməmək mümkün deyil. Əlcəzair xalqı Fransanın hakimiyyəti altında 132 ildə (1830-1962) müstəqillik uğrunda mübarizə aparmış və nəticədə fransızlar tərəfindən 1,5 milyon əlcəzairliyə qarşı soyqırımı həyata keçirmişdir. Fransa Vyetnamda çox böyük soyqırımı həyata keçirmişdir. Fransanın soyqırımı keçmişi yalnız Əlcəzairlə və Vyetnamla məhdudlaşmır. Fransa üç qitədə olan müstəmləkələrində yerli əhaliyə qarşı soyqırımı törətmiş, əhalini ölkəni tərk etməyə məcbur etmiş, dinlərini dəyişdirmiş və onlara ən adi insani yaşamaq haqqı verməmişdir. Fransanın Cibutidə,
Çadda, Qabonda, Tunisdə törətdiyi soyqırımı hadisələrini buna misal çəkmək olar.
Makrona məsləhət görərik ki, Azərbaycana Dağlıq Qarabağla bağlı məsləhətlər verib uca bəyanatlar səsləndirməkdənsə, Korsika xalqına millətlərin öz müqəddəratını müəyyən etmək prinsipini bəxş etməklə “əsl demokratiya” nümunəsini göstərsin.