Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Bu ərazilər azərbaycanlıların tarixən yaşadığı ərazilərdir və onlar ermənilər tərəfindən işğal olunub və dağıdılıb
Füzulidə, Ağdamda və Azərbaycanın başqa şəhər və kəndlərində, işğal olunmuş ərazilərin cənub-şərqində baş verənlərlə bağlı internetdə şəkillər var. Onların bir neçə qanunsuz yaşayış məntəqələrinin olduğu Laçın və Kəlbəcər rayonlarında da dağıntılar var, lakin bu ərazidə olduğu qədər ağır deyil. Bu, Azərbaycan torpağıdır. Onu geri almışıq, onu güc yolu ilə geri qaytarmışıq, onları itkilər verərək geri qaytarmışıq, heç vaxt bundan geri dönməyəcəyik. Orada yaşayacağıq.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibə zamanı deyib.
Ölkə başçısı bildirib ki, Ermənistan sülh istəmir. Onlar bizim torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər. Onlar status-kvonu dəyişmək istəmirlər və bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı.
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr kağız üzərində qalmaqdadır. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Münaqişənin həlli üçün hüquqi çərçivəmiz var. Lakin təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur.
Mövqeyimiz dəyişməz olaraq qalır. Azərbaycanın tələb etdikləri tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır. Onlar ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq.
Cənab Prezident qeyd edib ki, əlində, danışıqlar dayanıb. Çünki Paşinyanın “Qarabağ Ermənistandır” ifadəsindən sonra danışıqlar üçün heç bir imkan qalmayıb. Ermənistanın baş naziri ilkin şərtlər irəli sürüb. Bu da növbəti təxribatdır. Şuşa şəhərində qondarma “Dağlıq Qarabağ lideri”nin qondarma “andiçmə” mərasiminin təşkil olunması təxribat idi.
Atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Hərbi əməliyyatlara başlayan Azərbaycan tərəfi olmayıb. Azərbaycan özünü müdafiə etməli idi. Əgər Azərbaycan bu dəfə etdiyi kimi cavab verməsəydi, bu gün mülki şəxslərimiz arasında yüzlərlə itki olacaqdı.
Bu münaqişənin regional münaqişəyə çevrilməsinin qəti olaraq əleyhinəyik. Ermənistanın etmək istədiyi məhz budur. Ona görə də onlar Azərbaycana bəzi xarici dəstəklə bağlı yalan xəbərlər yayırlar. Lakin, eyni zamanda, onlar özləri xarici dəstək istəyirlər. Onların əsas hədəfi bu münaqişəni regional münaqişəyə çevirməkdir. Lakin ölkələr heç vaxt bunun olmasına imkan verməyəcəklər. Çünki regionumuzda təhlükəsizlik bütün region ölkələrinin maraqlarına xidmət edir və qeyd etdiyiniz ölkələr arasında Türkiyə, Rusiya, İran region ölkələridir.
Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır.