Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır

05 oktyabr 2020 | 16:00

Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib.
     Bu sözləri Prezident cənab İlham Əliyev oktyabrın 4-də xalqa müraciət edərkən deyib.
Cənab Prezident bildirib ki, başqasının torpağında Azərbaycanın gözü heç vaxt olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir. Sülhsevər Azərbaycan xalqı danışıqlara inanıb. Diplomatik üsullara sadiq olub. Beynəlxalq birliyə etibar edib. Xalqımızın etibarından istifadə olunub, onun səbri ilə oynayıblar. İşğalçı Ermənistana heç bir beynəlxalq təşkilat təsir etmədi. Bu hal beynəlxalq riyakarlığın və ikili standartların təzahürüdür. Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır, tarixi saxtalaşdırır, öz xalqını və beynəlxalq ictimaiyyəti aldadır. Bir il bundan əvvəl o, “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurdu və danışıqları mənasız etdi.
Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi Azərbaycan xalqının qələbə salnaməsinin parlaq səhifələrindəndir. Azərbaycan dövləti bütün şəhərləri bərpa edəcək. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlər bərpa olunacaq və oradan azan səsi yenə də eşidiləcəkdir. Azərbaycan xalqının tarixi-mədəni irsini silmək üzrə erməni cəhdlərinə son qoyulacaqdır. Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunacaqdır. Şanlı Azərbaycan Ordusu bütün torpaqları qaytaracaqdır. Güc yolu ilə bütün torpaqlar xalqa qaytarılacaqdır.
Ermənistan rəhbərliyi hələ ki, gec deyil yaxşı düşünməli və düzgün nəticələr çıxartmalıdır. Azərbaycanın cəmi bir şərti var. Erməni ordusu Azərbaycan torpaqlarından çıxmalıdır. Ermənistanın Baş naziri Azərbaycan xalqından üzr istəməli və deməlidir ki, Qarabağ Ermənistan deyil. İşğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli müəyyən olunduğu təqdirdə atəşkəs rejimi bərpa edilə bilər.
Azərbaycan xalqı şərəfli anları yaşayır. Xalqımızın haqqı bərpa olunacaqdır. Xalqımız tarixin ən şərəfli anlarını yaşayır. Ərazi bütövlüyümüz bərpa ediləcək və Azərbaycanın ümidləri özünü doğruldacaqdır. Xalqımız mütləq zəfər çalacaq.

Keçidlər