Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Mən bir daha münaqişənin həllinə kömək etmək istəyən bütün tərəflərə, həmçinin Ermənistan rəhbərliyinə deyirəm ki, nə qədər gec deyil işğala indi son qoyun
Biz hazırda hücum əməliyyatını həyata keçiririk, bizim məqsədimiz ərazilərimizi azad etməkdir. Mən vasitəçilərə təklif etdim və Ermənistan xalqına da müraciət etdim ki, işğala görə öz hökumətini məsuliyyətə cəlb etsinlər və işğalı dayandırsınlar. Ermənistan buna razı olarsa, demək olar ki, 30 il ərzində qanunsuz olaraq öz nəzarətində saxladığı işğal edilmiş əraziləri boşaltmağa başlasa, müharibə dayanacaq. Bizə müharibə lazım deyil.
Bu sözləri oktyabrın 4-də “Əl-Ərəbiyə” televiziya kanalına verdiyi müsahibə zamanı Prezident cənab İlham Əliyev deyib.
Prezident bildirib ki, Ermənistan təkcə mülki əhalinin yaşadığı kəndləri ağır artilleriyadan istifadə etməklə atəşə tutmaqla yox, eyni zamanda, işğal olunmuş ərazilərdə əcnəbilərin qanunsuz məskunlaşmasını təmin etməklə Cenevrə Konvensiyanı kobud şəkildə pozur. Biz ərazilərimizin azad olunmasını istəyirik, biz iki ölkə arasında olan münaqişənin həllini tapmağa imkan yaratmaq üçün mandatı olan vasitəçilərə çox güvənirdik. Lakin danışıqlar masasında konstruktiv yanaşma nümayiş etdirmək əvəzinə, Ermənistan iyul ayında bizə qarşı hərbi hücuma keçdi və biz onlara adekvat cavab verdik. Onlar terror aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər və bu diversiya qrupunun başçısı yaxalanmışdır. İndi o, ifadə verir və sentyabr ayında onlar bizim kəndlərimizi və şəhərlərimizi artilleriya bombardmanına tutdular. Münaqişə bölgəsinə yaxın yaşayan sıravi azərbaycanlıların 500-dən çox evi tamamilə dağıdılmışdır və ya onlara ziyan dəymişdir. Buna görə Ermənistan bu təcavüzkar hərəkətləri dayandırmalıdır, onlar qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını üzərlərinə öhdəlik götürməlidirlər. Onlar işğal olunmuş ərazilərdən qoşunların çıxarılması ilə bağlı vaxt cədvəlini bizə təqdim etməlidirlər. Onların “Qarabağ Ermənistandır” deyən baş naziri indi deməlidir ki, “Qarabağ Ermənistan deyil” və bundan sonra əlbəttə ki, biz bu düşmənçiliyə son qoymağa və atəşkəs rejimini bərpa etməyə hazır olacağıq.