Şəkidə Azərbaycan polisinin yaranmasının 95-ci ildönümü qeyd olunmuşdur
Azərbaycan polisinin yaranmasının 95-ci ildönümü ilə əlaqədar Şəkidə təntənəli bayram tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısındakı abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Rayon polis şöbəsində davam edən tədbirdə şöbənin rəisi, polis polkovniki Eldar İlyasov Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışmış, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə hər il iyulun 2-nin ölkəmizdə polis günü kimi qeyd olunduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, rayon polis şöbəsinin əməkdaşları Azərbaycan qanunlarına, xalqına, Vətəninə, ümummilli lider Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevə daim sadiqdirlər və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaqlar.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək polis işçilərini peşə bayramları münasibətilə təbrik etmiş, ölkəmizdə sabitliyin qorunmasında onların xidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açmış, Azərbaycan polisinin həmişə dövlətə, cəmiyyətə şərəflə xidmət etdiyini vurğulamışdır.
Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına qiymətli hədiyyələr verilmişdir.