Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Ümid edirəm ki, bundan sonra da Azərbaycan Ordusu öz missiyasını uğurla icra edəcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq

08 oktyabr 2020 | 16:00

Bu günə qədər qarşımızda duran bütün vəzifələr icra edilmişdir. Azərbaycan Ordusu uğurla irəliyə gedir. Bir çox yaşayış məntəqələri, bir şəhər, bir neçə kənd işğaldan azad edildi. Hazırda müxtəlif istiqamətlərdə şiddətli döyüşlər gedir.
    Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 5-də Türkiyənin “TRT Haber” televiziya kanalına verdiyi müsahibə zamanı deyib.
    “TRT Haber” televiziya kanalının muxbirinin “Qarşıdurmalar daha böyük müharibəyə, böyük regional böhrana yol aça bilərmi?” sualına cavab verən Prezident cənab İlham Əliyev bildirib ki, bunu onsuz da Ermənistan istəyir. Onların çirkin əməlləri buna hesablanıb. Biz hesab edirik ki, buna yol vermək olmaz. Bu müharibə Azərbaycanla Ermənistan arasında olan müharibədir. Bu müharibəni biz başlamamışıq. Biz bu müharibənin səbəbkarı deyilik. Biz, sadəcə olaraq, özümüzü müdafiə edirik və öz torpaqlarımızı geri istəyirik. Bizim Ermənistan torpaqlarında gözümüz yoxdur. İyul ayında Ermənistan-Azərbaycan sərhədində ermənilər tərəfindən başlanan qarşıdurmalar nəticəsində Azərbaycan Ordusu Ermənistan torpağına keçmədi, halbuki ora keçə bilərdik. Onlara çox güclü zərbələr endirdik və onlar da geri çəkildi. Bizim qarşımızda heç bir maneə, heç bir əngəl yox idi. Biz onu etmədik. Çünki mən söylədim ki, bizim Ermənistan Respublikasının torpaqlarında hər hansı bir hərbi hədəfimiz yoxdur. Ermənistan isə bu gün Azərbaycana Ermənistan ərazisindən hücum edir.

Keçidlər