Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Ermənistan hər vasitə ilə çalışır ki, bu münaqişəyə mümkün qədər çox ölkə cəlb edilsin
Münaqişə Ermənistanın və Azərbaycanın hüdudlarından kənara çıxmamalıdır. Əslində, münaqişə hətta Ermənistan ərazisinə də çıxmır. Odur ki, Ermənistan ərazisindən artilleriya atəşlərinə baxmayaraq, biz Ermənistan ərazisinə heç bir zərbə endirmirik, Ermənistan ərazisinə keçmirik, hərçənd bunun üçün hər cür imkanımız var. Erməni tərəfi bu qarşıdurmaya KTMT-ni cəlb etməyə çalışır. Uğursuz cəhddir. O, Avropa ölkələrini cəlb etməyə çalışır. Mahiyyət etibarilə bu münaqişəni beynəlmiləlləşdirməyə çalışır. Müvafiq surətdə biz belə yanaşmanın yolverilməz olması barədə öz mövqeyimizi bildiririk.
Bu sözləri Prezident cənab İlham Əliyev oktyabrın 6-da Rusiyanın “Pervıy Kanal” televiziyasına verdiyi müsahibə zamanı deyib.
Dövlət başçısı bildirib ki, son günlərdə Azərbaycan ərazilərinə artilleriya atəşləri Ermənistan tərəfindən uzaqvuran artilleriya vasitəsilə aparılır, “Toçka U” və “Elbrus” kimi ölümsaçan sistemlərdən istifadə edilir, bu, Cenevrə konvensiyalarının çox kobud şəkildə pozulmasıdır, cinayətdir, müharibə cinayətidir...Bu, erməni tərəfin köhnə taktikasıdır. Onlar hər dəfə döyüş meydanında məğlubiyyətə uğrayanda dinc əhaliyə ziyan vurmağa və beləliklə, Azərbaycan Ordusunun əks-hücumunu dayandırmağa çalışaraq belə alçaq hərəkətlərə əl atırlar. Lakin onlar bu əks-hücumu dayandıra bilmirlər və bilməyəcəklər.