Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Bütün bölgələrdə Türkiyə və Azərbaycan bayraqları bir yerdə dalğalanır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibə verib. Müsahibə zamanı cənab Prezidentimiz bildirmişdir ki, hər şey plan üzrə gedir. Bu gün Azərbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa edir. Artıq bir şəhər və bir çox kəndlər işğaldan azad edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Biz bunu dəfələrlə demişik: Qarabağ bizim tarixi, əzəli torpağımızdır!
Müsahibə zamanı Azərbaycan Respublikasının Prezidenti xüsusilə vurğulamışdı ki, Ermənistan ordusunun acizliyi və Ermənistanın hərbi-siyasi rəhbərlərinin cinayətinin nəticəsidir ki, mülki şəxslərə zorakılıq göstərilir, onlara qarşı atəş açılır, ballistik raketlərlə mülki şəhərlər dağıdılır. Bu isə müharibə cinayəti sayılır. Ancaq bu, Azərbaycan xalqını qorxutmur, bunun heç bir təsiri yoxdur. O bölgələrdə, o şəhər və kəndlərdə yaşayan soydaşlarımız orada möhkəm dayanıblar. Onların bir sözü var ki, Vətən sağ olsun, torpaqlar tezliklə işğaldan azad edilsin. Onlar sona qədər o yerlərdə qalacaq və ordumuza mənəvi dəstək verəcəklər.
CNN-Türk televiziyasının müxbirinin Bakıda və ya münaqişə bölgəsindəki şəhərlərdə, Tərtərdə, hər yerdə Azərbaycan bayraqlarının yanında Türkiyə bayraqlarını da olduğunu və bu hadisəyə münasibətin bildirən cənab Prezident demişdir: Bu, əslində, hər zaman belə idi. Çünki Türkiyə bizim üçün təkcə müttəfiq və ən yaxın ölkə deyil. Türkiyə bizim üçün qardaş ölkədir, necə ki, Azərbaycan Türkiyə üçün. Türkiyə bayrağı bizim üçün əziz bayraqdır, Azərbaycan bayrağı qədər əzizdir. Ancaq təbii ki, bu münaqişə, bu döyüşlər zamanı Türkiyənin dəqiq mövqeyi, cənab Prezident, mənim qardaşım Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, Azərbaycana göstərilən dəstək, Türkiyədən gələn məktublarda insanların “Azərbaycan tək deyil” sözləri, əlbəttə ki, Türkiyəyə olan məhəbbəti daha da artırdı. Siz də bunun şahidisiniz ki, bütün bölgələrdə Türkiyə və Azərbaycan bayraqları bir yerdə dalğalanır. Eyni zamanda, bu gün Türkiyədə də Türkiyə ilə Azərbaycan bayraqları bir yerdə dalğalanır.