Şəkidə pandemiya ilə mübarizə çərçivəsində tədbirlər gücləndirilib
Şəki rayonu ərazisində koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tələblərinə əməl olunmasının təmin edilməsi üçün tədbirlər gücləndirilib.
Şəhər İcra Hakimiyyəti yanında yaradılan Operativ Qərargahda keçirilən iclasda Şəki şəhərində koronavirus pandemiyası ilə mübarizənin gücləndirməsi məqsədilə tədbirlərin görülməsi barədə qərar qəbul edilib. İclasda, xüsusilə, insanların sıx toplaşdığı yerlərdə, bazar ərazisində, iş yerlərində, ictimai nəqliyyatda və təhsil müəssisələrində karantin rejiminə daha ciddi əməl olunmasının vacibliyi vurğulanıb.
Qeyd edək ki, ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar mobil qrupların üzvləri Qida Təhlükəsizliyi Agentliyi Şəki regional bölməsinin və Şəki şəhər-rayon Polis şöbəsinin əməkdaşları ilə birgə şəhər, kənd və qəsəbələr ərazisində reydlər keçirir, ictimai iaşə, ticarət və digər obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini monitorinq edirlər. Reydlər zamanı vətəndaşlara tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha diqqətə çatdırılır. Dünyasını dəyişmiş insanların ailəsinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıqlar edilir. Bu istiqamətdə müntəzəm olaraq maarifləndirmə tədbirləri davam etdirilir.
Şəhər icra hakimiyyətinin səsgücləndirici quraşdırılmış avtobusu vasitəsilə şəhər ərazisində pandemiya ilə bağlı əhaliyə çağırış edilir. Evdə karantində saxlanılan xəstələrin özünütəcrid qaydalarına əməl etmələrinə ciddi nəzarət edilir.
Hazırda rayonda yoluxma halları davam etməkdədir. Sözsüz ki, ümumtəhsil məktəblərinin fəaliyyətə başlaması, payız fəslinin gəlməsi və digər amillər yoluxma sayına öz təsirini göstərir.
Ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, torpaqlarımızın azad olunması uğrunda düşmənə qarşı hərbi əməliyyatların aparıldığı mürəkkəb bir dövrdə koronavirusa qarşı mübarizədə səfərbər olmaqla həm ordumuza, həm də dövlətimizə dəstək olmalıyıq.