Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə polis və Daxili Qoşunların əməkdaşları karantin rejimi ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmət aparırlar

14 oktyabr 2020 | 16:00

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarındakı dəyişikliyə əsasən, oktyabrın 14-də saat 00:00-dan etibarən Şəki şəhərinin və rayonun Kiş kəndinin giriş-çıxışlarında postlar qurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov AZƏRTAC-a bildirib ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həmin postlarda, eləcə də şəhər və Kiş kəndinin daxilində gücləndirilmiş rejimdə xidmət aparılır. Postlarda operativ və xüsusi nəqliyyat vasitələri, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla digər nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb. Bundan əlavə, şəhər daxilində yerləşən iri marketlərdə, ictimai iaşə müəssisələrində və sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində polis əməkdaşları və hərbi qulluqçular tərəfindən birgə reydlər təşkil olunur. Sosial məsafəni gözləməyən, tibbi maskadan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır və bu tədbirlərin vətəndaşların sağlamlığı üçün həyata keçirildiyi onların diqqətinə çatdırılır. Edilən xəbərdarlıqlara və aparılan maarifləndirici söhbətlərə baxmayaraq, qaydaları pozmaqda davam edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

Qeyd edək ki, kafe, restoran və digər ictimai iaşə müəssisələri bu müddətdə axşam 21:00-dək fəaliyyət göstərəcək.

Keçidlər