Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: İşğal altındakı torpaqlar geri qaytarılmalıdır

17 oktyabr 2020 | 16:00

Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli şəkildə azad olunması nəzərdə tutulur. Birinci mərhələdə işğal edilmiş ərazilərin cənub-şərq hissəsindəki 5 rayon, ikinci mərhələdə Dağlıq Qarabağ ilə Ermənistan arasında yerləşən ərazilər – Laçın və Kəlbəcər rayonları işğaldan azad edilməli, bütün kommunikasiyalar, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin digər hissələrində yerləşən kommunikasiyalar açılmalı, qaçqınlar və məcburi köçkünlər əvvəlki yaşayış yerlərinə qaytarılmalıdır.
    Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 15-də Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova verdiyi müsahibə zamanı deyib.
    Cənab Prezident bildirib ki, sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalıb. Bu, son üç ay ərzində birinci hücum deyildi. İyul ayında dövlət sərhədində buna bənzər, lakin nisbətən kiçik miqyaslı hadisə baş vermişdi. O vaxt həmin hücum dəf edildi. Sonra avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçularına qarşı terror aktları törətmək üçün Ermənistan tərəfindən təxribat qrupu göndərildi və bu qrupun başçısı saxlanıldı. Azərbaycana daim hədələr və təhqirlər səslənirdi, nəticəsi də bax bu cür qarşıdurma oldu.
     Azərbaycanın mövqeyi həmişə çox konstruktiv və ardıcıl olub. Bu mövqe həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan qüvvələrinin Azərbaycan ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin yerinə yetirilməsi baxımından beynəlxalq hüququn normalarına əsaslanıb. Azərbaycanın mövqeyi həmişə praqmatik yanaşmaya əsaslanıb. Danışıqlar masası üzərində olan variantlar bunu aşkar göstərir.
     Ermənistanın indiki rəhbərliyi hakimiyyətə gələndən sonra erməni tərəfi o vaxta qədər əldə edilənlərin hamısını sadəcə kənara atdı. Üstəlik, danışıqların formatını dəyişməyə, qondarma “Dağlıq Qarabağ Respublikası”nı danışıqlara cəlb etməyə cəhd göstərdi. Bu cəhd Azərbaycan və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən rədd edildi.
     Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Heç kəs üçün gizli deyil və bu faktı artıq beynəlxalq vasitəçilər də bilir ki, qondarma “Dağlıq Qarabağ ordusu” yoxdur. Bu gün Qarabağdakı hərbi qulluqçuların 90 faizi Ermənistan vətəndaşıdır.
     Dövlət bağçısı qeyd edib ki, Qarabağ xanlığının Rusiyanın tərkibinə daxil olması barədə general Sisiyanovun şəxsində çar Rusiyası ilə müqavilə bağlayıb. Kürəkçay müqaviləsi adlanan bu sənədin mətni internetdə yerləşdirilib. Onunla hər kəs tanış ola bilər. Bu müqavilədə Qarabağ xanlığının erməni əhalisi barədə bircə kəlmə də deyilməyib. Erməni əhalisinin bu regiona kütləvi şəkildə köçürülməsi 1813-cü və 1828-ci illərdə iki Rusiya-İran müharibəsindən sonra başlanıb və o vaxtdan müasir İran ərazisindən və qismən Şərqi Anadoludan ermənilərin Qarabağ regionuna kütləvi şəkildə köçürülməsi başlanıb.
     Cənab Prezident vurğulayıb, ki bu tarixi faktları Rusiya ictimaiyyətinin diqqətinə çatdırmaq lazımdır ki, Azərbaycan və Rusiya çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma telləri ilə bağlıdırlar. Heç bir qüvvə buna təsir göstərə bilməz. Doğrudur, müxtəlif istiqamətlərdən nifaq salmaq, müəyyən etimadsızlıq yaratmaq cəhdləri var. Lakin Rusiya və Azərbaycan rəhbərliyinin ardıcıl siyasəti sayəsində münasibətlər nəinki geriləmir, irəliyə gedir. Bu gün Rusiya və Azərbaycan bir-birini strateji tərəfdaşlar adlandırırlar.

Keçidlər