Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə xüsusi karantin rejimi ilə bağlı reydlər davam edir

30 oktyabr 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Şəki rayonunda xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün ciddi nəzarət tədbirləri həyata keçirilir. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarında dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 2020-ci il 13 oktyabr tarixli Qərarına əsasən, oktyabrın 14-dən respublikanın bəzi yaşayış məntəqələrinə, o cümlədən Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılıb.

Şəhər icra hakimiyyəti yanında yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, icra hakimiyyəti aparatının məsul nümayəndələrindən və polis əməkdaşlarından ibarət 49 mobil qrup xüsusi karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ticarət və ictimai iaşə obyektlərində, həmçinin ictimai nəqliyyatda mütəmadi olaraq reydlər keçirir, əhalinin kütləvi şəkildə toplaşdığı ərazilərdə maarifləndirici təbliğat işləri aparır. Reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi izah olunur, tövsiyələr verilir. Eyni zamanda, xüsusi karantin rejimi qaydalarını pozan ticarət və ictimai iaşə obyektlərinin sahibləri, həmçinin vətəndaşlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tədbirlər görülür.

Keçidlər