Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Dinc şəhərlərə kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar hərbi cinayətdir

30 oktyabr 2020 | 16:00

Ermənilərin atəşləri nəticəsində bizim 69 dinc vətəndaşımız həlak olub, 300-dən çox adam yaralanıb. Budur, erməni faşizminin siması.
      Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibəsi zamanı deyib.
     Cənab Prezident bildirib ki, döyüş meydanında Ermənistanı məğlub etməyimiz hər halda onlardan ötrü ciddi siqnal olmalıdır ki, onlar daha imitasiya fəaliyyəti apara, bizi, Minsk qrupunun həmsədrlərini aldada, mahiyyət etibarilə məsələnin konkret müzakirəsindən yaxa qurtara bilməzlər.
      Erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır. Lakin atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozan Ermənistan siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirir.
     Rəsmi İrəvan bütün dövrlərdə başqa ölkələrin arxasında gizlənməyə nail olub. Onların problemlərini başqa ölkələr həll edir. Müasir erməni dövlətinin ideologiyası da, əslində, bundan ibarətdir. Bu ideologiyanın çox dərin tarixi kökləri var.
      Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın yarıtmaz siyasəti ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Münaqişə yaradıb sonra da kolluğa qaçaraq və kimlərinsə arxasında gizlənərək başqa xalqların qanının axıdılmasının və qarşıdurmanın bəhrələrini görürdülər. Ermənistan Qafqazın bədənində yad cisim kimi qalmamalıdır.
     Azərbaycan xalqı öz doğma torpaqlarına qayıtmalıdır. Azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar. Azərbaycanlılar təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlərboyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar.
      Münaqişənin həlli regionun sürətli inkişafına səbəb olacaqdır. Azərbaycan Şərqi Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən 40-50 faizini Azərbaycan nefti hesabına təmin edirlər. Əgər neft-qaz kəmərləri ilə bağlı bir hadisə baş versə, Ermənistan ciddi beynəlxalq təzyiqlə üzləşəcək.
      Regionun inkişafı üçün müsbət əməkdaşlıq formatı yaradılıb. Bu gün Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yaranır. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir.
      Münaqişənin nizamlanmasındaTürkiyənin rolu olmalıdır.Türkiyə qardaş dövlətdir. Türkiyə dünyada yeganə ölkədir ki, Cənubi Qafqazın üç ölkəsi ilə onun dövlət sərhədləri var. Hazırda Türkiyə təkcə regional problemlərlə bağlı bir sıra məsələlərdə deyil, həm də qlobal planda həlledici söz sahibidir. Türkiyə həm də tamamilə müstəqil xarici siyasət yürüdür.
     Azərbaycan münaqişənin beynəlmiləlləşməsinin tərəfdarı deyil. Ermənistan münaqişənin beynəlmiləlləşdirə biləcək təxribatlar edir və bu onun arzusudur. Region ölkələri Rusiya, Türkiyə, İran və Gürcüstan, - təbii ki, Azərbaycanın bu ölkələrlə etimada əsaslanan sıx tarixi, mədəni, siyasi münasibətləri var, - təcavüzkarın dəyirmanına su tökən hər hansı hərəkətlərdən çəkinəcəklər.

Keçidlər