Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq!
“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 10-da xalqa müraciəti zamanı deyib.
Cənab Prezident bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır.
İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Azərbaycan tarixi Qələbəni döyüş meydanında qazanır. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır.
Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır. Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın.
Son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. İqtisadi gücümüz qələbəni əldə etmək potensialımızı təmin etdi.
Azərbaycan illərlə, demək olar, bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüz dəstəkləyən sənədlər qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı.
Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər.
Qələbənin əldə olunmasında ən böyük amil Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsidir. Müharibədən sonra bəzi məqamlara açıqlanandan sonra hər kəs dövlətin və dövlət başçısının nə qədər böyük sınaqlardan çıxdığını, hansı böyük təzyiqlərə məruz qaldığını şahidi olacaq.
Azərbaycan bu il sentyabrın 27-də başlamış İkinci Qarabağ münaqişəsinin müvəffəqiyyətlə başa vurdu, Böyük Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı. Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. İmzalanmış bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Azərbaycana maksimum sərf edən sənəddir. Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Qarabağa heç bir status, muxtariyyət, hətta mədəni muxtariyyət belə verilmir. Bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır.
Bölgədə gələcək əməkdaşlıq formatında Türkiyə və Rusiya iştirak edəcək. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir.Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Bəyanatın əldə olunmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin səylərini yüksək qiymətləndirilməlidir. Münaqişənin dayandırılmasında bu iki lider öz müsbət rolunu oynayıb.
Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir.