22 iyul - Azərbaycanda Milli Mətbuat Günüdür
Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür. “Əkinçi” qəzetinin ilk nömrəsinin çap olunduğu gün – iyulun 22-si ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd edilir.
XIX əsrin sonlarında yalnız Azərbaycanda deyil, bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetinin nəşri milli maarifçilik hərəkatının təməl daşlarından biri oldu. 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək böyük maarifçi, görkəmli ziyalı Həsən bəy Zərdabinin təşəbbüsü ilə Azərbaycan dilində, cəmi 56 sayı nəşr olunan “Əkinçi” qəzetinin ömrü qısa olsa da, milli mətbuatımızın tarixində dərin və silinməz iz buraxdı. Həsən bəy Zərdabinin başlatdığı bu maarifçilik hərəkatına Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Əsgər ağa Gorani və digər mütəfəkkir ziyalılar da öz dəyərli töhfələrini verdilər. Onların ortaq səyi ilə “Əkinçi” yalnız bir qəzet deyil, həm də milli oyanışın, xalqı maarifə səsləyən ilk tribunaların biri oldu.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli mətbuatın inkişafı üçün geniş imkanlar yarandı. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. 1998-ci ildə Azərbaycanda senzuranın ləğv edilməsi ölkədə söz və mətbuat azadlığının təmin olunması istiqamətində tarixi addım oldu.
Ulu Öndər Heydər Əliyevin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam şəkildə təmin olunub, çoxsaylı qəzet və jurnallar nəşr edilir, televiziya kanalları fəaliyyət göstərir, onlayn media şəbəkəsi isə ildən-ilə daha da genişlənir. Müasir texnologiyaların tətbiqi nəticəsində milli mətbuatımız qlobal informasiya məkanına inamla daxil olur, dünya ilə ayaqlaşan müasir medianın bir parçasına çevrilir.
Vətən müharibəsi zamanı Azərbaycan mətbuatı kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətin operativ və düzgün məlumatlandırılmasında mühüm rol oynayıb. Jurnalistlərimiz Qarabağla bağlı tarixi həqiqətlərin, o cümlədən işğal dövründə ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliklərin və vandallığın beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bu gün də yorulmadan fəaliyyətlərini davam etdirirlər.
Azərbaycan həqiqətlərinin təbliği missiyasını hər zaman yüksək peşəkarlıqla həyata keçirən milli mətbuatımız postmüharibə dövründə də bu əzmkarlığı davam etdirir. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sülh təşəbbüslərinin, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən möhtəşəm bərpa-quruculuq işlərinin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan mediası fəal iştirak edir və Böyük Qayıdış prosesini geniş işıqlandırır.
Hazırda media sahəsində sürətli qloballaşma prosesi gedir ki, bu da öz növbəsində mətbuatla bağlı qanunvericiliyin təkmilləşdirilməsini zəruri edir. 2021-ci ildə qəbul olunmuş “Media haqqında” Qanun bu sahədə fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyənləşdirməklə yanaşı, informasiyanın əldə olunması, hazırlanması, ötürülməsi və yayımı üzrə ümumi qaydaları da dəqiqləşdirib.
Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Medianın İnkişafı Agentliyinin yaradılması media sektorunda fundamental dəyişikliklərə zəmin yaratdı.
Son dörd ildir ki, Milli Mətbuat Günü ərəfəsində təşkil olunan Şuşa Qlobal Media Forumu təkcə regional deyil, qlobal səviyyədə tanınan nüfuzlu bir platformaya çevrilib. Forum dünyanın aparıcı media qurumlarının rəhbərlərini, informasiya-kommunikasiya texnologiyaları üzrə tanınmış ekspertləri, jurnalistləri və mətbuat strateqlərini bir araya gətirməklə beynəlxalq informasiya məkanında mühüm rol oynayır.
Milli mətbuatımızın tarixində Şəkinin və bu torpağın yetirmələrinin də xüsusi yeri vardır. Bu gün şəhərimizdə fəaliyyət göstərən çap mediyası subyektləri, xəbər portalları, yerli televiziya kanalı dünya və ölkə xəbərlərini, şəhərimizin, həmçinin bölgəmizin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında baş verən bütün yenilikləri izləyicilərinə operativ qaydada çatdırırlar.
22 iyul - Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini ürəkdən təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları və böyük nailiyyətlər arzulayırıq.
Peşə bayramınız mübarək!







