Alim Qasımov və Fərqanə Qasımova “İpək Yolu” IV Beynəlxalq musiqi çərçivəsində Şəki xanları sarayının həyətində konsert vermişlər
“İpək Yolu” IV Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 3-də XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki xanları sarayının həyətində Azərbaycanın tanınmış xanəndələri - Xalq Artisti Alim Qasımov və onun qızı, Əməkdar Artist Fərqanə Qasımovanın konserti olmuşdur.
Festivalın təşkilatçı qurumları rəhbərlərinin, musiqisevərlərin, şəhərin qonaqlarının iştirak etdikləri musiqi gecəsində ifalara başlamazdan əvvəl xanəndə Alim Qasımov belə bir möhtəşəm, bənzəri olmayan Xan sarayının qarşısında çıxış etməyin onlar üçün böyük şərəf olduğunu bildirmiş, tamaşaçılara xoş istirahət, festivalın işinə uğurlar arzulamışdır.
Geniş diapazona, qeyri-adi səs tembrinə malik olan xanəndələrin tarzən Zəki Vəliyev, kamança ifaçısı Rauf İslamov, balabançı Rəfael Əsgərov və nağaraçı Cavidan Nəbiyevin müşayiəti ilə özlərinə məxsus üslubda ifa etdikləri muğam və xalq mahnıları, ritmik muğamlar tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanmışdır.
Konsert başa çatdıqdan sonra festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək öz səsi ilə demək olar ki, bütün dünyanı fəth edən Alim Qasımovun qızı Fərqanə ilə birlikdə təqdim etdiyi bu konsert proqramının Xan sarayına çox yaraşdığını bildirmişlər. Qeyd olunmuşdur ki, bir müddət əvvəl 250 illik yubileyinin böyük təntənələrlə qeyd olunduğu, Şərq memarlığının nadir incilərindən hesab olunan Şəki xanları sarayının həyətində, yaşı beş yüzə çatan qoşa Xan çinarlarının altında keçirilən bu qeyri-adi konsert, şübhəsiz, “İpək Yolu” festivalının ən gözəl anlarından biri kimi hələ uzun illər yaddaşlarda qalacaqdır.
Sonda şəhər icra hakimiyyəti adından görkəmli xanəndəyə və qızına festivalla bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.