Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib

17 noyabr 2020 | 16:00

“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarında dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 2020-ci il 13 oktyabr tarixli Qərarına əsasən, oktyabrın 14-dən respublikanın bəzi yaşayış məntəqələrinə, o cümlədən Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılıb. Bununla əlaqədar məhdudiyyətlərin tətbiq olunduğu Şəki rayonunda Operativ Qərargah tərəfindən müəyyən edilən tələb və qaydaların təmin olunması üçün ciddi nəzarət tədbirləri həyata keçirilir.
Əhali arasında maarifləndirmə və nəzarət işlərinin aparılması üçün rayon üzrə 49 mobil qrup yaradılıb. İcra hakimiyyəti aparatının məsul nümayəndələrindən və polis əməkdaşlarından ibarət bu qruplar xüsusi karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ticarət obyektlərində mütəmadi olaraq reydlər keçirir, əhalinin kütləvi şəkildə toplaşdığı ərazilərdə maarifləndirmə işləri aparır.
Reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi izah olunur, tövsiyələr verilir. Eyni zamanda, xüsusi karantin rejimi qaydalarını pozan ticarət obyektlərinin sahibləri, həmçinin vətəndaşlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tədbirlər görülür.

Keçidlər