Şəki ziyalısı: Müzəffər Ali Baş Komandan xalqımızın qürurunu, döyüşkən ruhunu, qələbəyə inamını özünə qaytarıb
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil, demokratik, hüquqi, eyni zamanda, qüdrətli Azərbaycan dövlətinin, onun sarsılmazlığının qarantı olan yüksək döyüş qabiliyyətli, müasir standartlara cavab verən ordusunun qurulması işi dahi rəhbərin özünün və layiqli davamçısı İlham Əliyevin hakimiyyəti illərində şərəf və ləyaqətlə həyata keçirilib. Bu yolda qarşıya çıxan təzyiqlər, açıq müdaxilə və təxribatlar, təcavüz və qərəzli ikili standartlar yüksək peşəkarlıqla, qətiyyət və möhkəm iradə ilə dəf edilib. Məhz bu cür yüksək xarizma, siyasi müdriklik, iradə və qətiyyət, Vətənə və dövlətçiliyə sədaqət əzmi xalqımızı bir yumruq kimi birləşdirməyə, 30 ildən artıq işğal altında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandanımız, böyük sərkərdə İlham Əliyevin rəhbərliyi ilə azad olunmasını təmin etməyə imkan verib.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Şəki Dövlət Regional Kollecinin tərbiyə işləri üzrə direktor müavini Rafiq Səmədov söyləyib.
Şanlı Ordumuzun Vətən savaşında qazandığı zəfərdən böyük qürur hissi keçirdiyini vurğulayan Rafiq Səmədov deyib: “Düşmənə elə sarsıdıcı zərbə endirildi ki, o, hələ uzun illər dirçəlmək qabiliyyətində olmayacaq. Prezident İlham Əliyev Lider olaraq xalqımızın qan yaddaşını dirçəltdi, onun qürurunu, döyüşkən ruhunu, qələbəyə inamını özünə qaytardı. Dünyanın gözündə dövlətimizin qüdrətini, Ordumuzun qabiliyyətini, xalqımızın birliyini təsdiqlədi. Mən bir ziyalı Azərbaycan vətəndaşı olaraq, Prezidentimizə dərin minnətdarlığımı bildirir, ona möhkəm cansağlığı, çətin və şərəfli fəaliyyətində uğurlar, xalqımıza əmin-amanlıq, dövlətimizə sarsılmaz qüdrət arzulayıram”.