Şəkidə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri intensivləşdirilib
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Şəki rayonunda koronavirus infeksiyasının yayılma sürətinin azaldılması və qarşısının alınması məqsədilə ciddi nəzarət tədbirləri həyata keçirilir.
Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul nümayəndələrindən və polis əməkdaşlarından ibarət mobil qruplar xüsusi karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ticarət və digər obyektlərdə mütəmadi olaraq reydlər keçirir, əhalinin kütləvi şəkildə toplaşdığı ərazilərdə maarifləndirici təbliğat işləri aparırlar. Reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, sosial məsafənin saxlanılmasının vacibliyi, açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi və parça maska, respirator və sair) istifadə edilməsinin məcburiliyi izah olunur, tövsiyələr verilir.
Eyni zamanda, pandemiya ilə əlaqədar Şəki şəhərində dezinfeksiyaedici tədbirlər də intensivləşdirilib. Son günlər Mənzil İstismar Sahəsi tərəfindən Şəki şəhərindəki çoxmənzilli yaşayış binalarının giriş blokları və pilləkənlərində, həmçinin həyətlərdə növbəti dəfə dezinfeksiya işləri aparılıb.
Şəkidə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər növbəti günlərdə də davam etdiriləcək.