Şəkidə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam edir
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Şəki rayonunda koronavirus infeksiyasının yayılma sürətinin azaldılması və qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam edir.
Şəki Şəhər İcra Hakimiyyəti aparatının məsul nümayəndələrindən və polis əməkdaşlarından ibarət mobil qruplar xüsusi karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ticarət və digər obyektlərdə mütəmadi olaraq reydlər keçirir, əhalinin kütləvi şəkildə toplaşdığı ərazilərdə maarifləndirici təbliğat işləri aparırlar. Reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, sosial məsafənin saxlanılmasının vacibliyi, açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi və parça maska, respirator və sair) istifadə edilməsinin məcburiliyi izah olunur, tövsiyələr verilir.
Eyni zamanda, xüsusi karantin rejimi qaydalarını pozan obyektlərin sahibləri, həmçinin vətəndaşlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tədbirlər görülür.