Şəkidə əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Şəki rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir.
Şəki Rayon Mərkəzi Xəstəxanasının binasında təhlükəli virusa qarşı mübarizə məqsədilə 5 xüsusi vaksin otağı ayrılıb. İlkin mərhələdə risk qrupuna daxil olan tibb işçilərinin peyvəndlənməsi həyata keçirilir. Peyvəndləmə prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur. Bu vaksin effektivliyi ilə digərlərindən seçilir. İlkin olaraq rayona 2660 doza vaksin gətirilib. Hazırda tibb işçisinə peyvəndin birinci dozası vurulur və proses davam edir. Peyvəndin ikinci dozası 21 gündən sonra vurulacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb edilən heyət peyvəndlənəcək. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.