Şəkidə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə onlayn tədbir keçirilmişdir
Fevral ayının 1-də Şəki Şəhər İcra Hakimiyyəti ilə Şəki şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şəkidə 2 fevral Azərbaycan Gəncləri Günü münasibətilə onlayn tədbir keçirilmişdir.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Şəki təşkilatının, Şəki şəhər Təhsil şöbəsinin, Ombudsmanın Şəki Regional nümayəndəliyinin, Şəki Heydər Əliyev Mərkəzinin əməkdaşları, həmçinin Şəkidə fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin bir qrup tələbəsi, gənclər təşkilatlarının fəalları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Daşqın Mikayılov gənclərə göstərilən dövlət qayğısından, rayon gənclərinin ictimai-siyasi həyatdakı rolundan, müxtəlif sahələrdə əldə etdikləri uğurlardan, pandemiya ilə mübarizədə göstərdikləri fəallıqdan danışmışdır. D.Mikayılov 2020-ci ilin cənab Prezident İlham Əliyev tərəfindən “Könüllülər ili” elan edildiyini xatırladaraq, bununla bağlı könüllülük fəaliyyətinin daha da genişləndiyini qeyd etmiş, ötən il fəallıq göstərən könüllülərə təşəkkürünü bildirmişdir.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusfov gəncləri 2 fevral Azərbaycan Gəncləri Günü münasibətilə təbrik etmiş, xoş və səmimi arzularını çatdırmışdır. O, Azərbaycan Gəncləri Gününün təsis olunmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu, gənclər siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Bu gün şəkili gənclərin rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etdiklərini diqqətə çatdıraraq bu sahədə şəhər gənclər və idman idarəsinin xüsusi rolunun olduğunu vurğulamışdır. Sonra Şəki Şəhər İcra Hakimiyyətinin Fərxri Fərmanları ilə təltif edilmiş gənclərin siyahısı diqqətə çatdırılmışdır.
Ombudsmanın Şəki Regional bölməsinin rəhbəri Pərviz Məmmədov çıxış edərək, Ombudsmanın fəaliyyətinin bir hissəsinin gənclərlə bağlı olduğunu qeyd etmiş, gənclər siyasəti ilə bağlı hüquqi baza haqqında məlumat vermiş, gəncləri təbrik etmişdir.
Təhsil şöbəsinin müdir müavini Elxan Abdullayev gəncləri təhsil işçiləri adından təbrik etmiş, gənclərin vətənpərvərlik hissinin artırılmasında müəllimlərin xüsusi rolundan danışmış, Vətən müharibəsində qazanılan qələbə ilə bağlı təhsil müəssisələrində dərslərin keçiriliməsinin nəzərdə tutulduğunu qeyd etmişdir.
YAP Şəki Təşkilatı Gənclər Birliyinin sədri Ziyad Əliəkbərli gəncləri əlamətdar gün münasibətilə təbrik etmiş, onlara Azərbaycan dövlətçiliyinin inkişafı və qorunması üçün Vətənə layiqli vətəndaş olmağı arzulamışdır.
Vətən Müharibəsi qazisi Taleh Urfansoy çıxış edərək keçdiyi döyüş yolundan danışmış, gəncləri Şəki qaziləri adından təbrik etmişdir.
Tədbirdə Şəki şəhər Gənclər və İdman idarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İtitfaqının Şəki rayon Komitəsi Fəxri Fərmanları ilə təltif edilmiş 2020-ci ildə xüsusi fəallıqları ilə seçilən, yüksək nəticələr qazanmış gənclərin adları oxunmuş, “İlin gənci”, “İlin TGT-si” və “İlin gənclər təşkilatı” nominasiyaları üzrə qaliblər elan edilmişdir. Qaliblərin və təltif edilmiş gənclərin Fəxri Fərmanlarının karantin rejiminin tələblərinə uyğun olaraq hissə-hissə təqdim ediləcəyi bildirilmişdir.
Sonda təltif olunan gənclər çıxış edərək şəhər rəhbərliyinə, Şəki şəhər Gənclər və İdman idarəsinə minnətdarlıqlarını bildirmişlər.