Şəkidə indiyədək 4 min 300-dək vətəndaş koronavirusa qarşı peyvənd olunub
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Şəki rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi Şəki Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. İndiyədək 4 min 300-dək vətəndaş təhlükəli virusa qarşı peyvənd olunub.
Şəhər icra hakimiyyətində yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvəndlənməsi mərhələli şəkildə həyata keçirilir. İlkin mərhələdə rayonun səhiyyə müəssisələrində çalışan 1833 tibb işçisinə peyvəndin birinci dozası vurulub. Fevralın 17-dən etibarən onlardan 1070 nəfəri təkrar peyvənd olunub. Strategiyaya əsasən, yaş kateqoriyaları üzrə indiyədək 65 yaşdan yuxarı 1035 vətəndaş, həmçinin 50-65 yaş arasında 1423 nəfər koronavirusa qarşı peyvənd olunub və proses davam edir. Peyvəndləmə prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur.