Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar onlayn tədbir keçirilib
Fevralın 25-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar onlayn tədbir keçirilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, şəhər icra hakimiyyətinin məsul şəxsləri, başçının kənd və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, ziyalılar, fəal gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, Xocalı faciəsi insanlığa qarşı ən böyük cinayətidir.Bu soyqırımı 613 nəfərin həyatına son qoyub, 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb,150 nəfər itkin düşüb.
Vurğulanıb ki, Xocalı soyqırımına yalnız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və diqqəti sayəsində hüquqi-siyasi qiymət verilmişdir. Bu gün Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə təbliği və günahkarların öz cəzasını alması istiqamətində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə hücum diplomatiyası uğurla həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində geniş tədbirlər həyata keçirilir. Xocalı faciəsi hər il dünyanın 80-dən artıq ölkəsində geniş şəkildə anılır və ictimaiyyətə çatdırılır.
Qeyd olunub ki, ötən ilin ən vacib hadisəsi torpaqlarımızın işğaldan azad olunmasıdır. Sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan əks-hücum əməliyyatı şanlı Qələbə ilə başa çatdı. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etdi. Prezident cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti, diplomatik sahədə əldə etdiyi uğurlar və Ordumuzun gücü, qüdrəti sayəsində bu Qələbə əldə olundu. 30 ilə yaxın müddətdə düşmənin işğalı altında qalan tarixi torpaqlarımız azad oldu.